Fuad Qəhrəmanlını “qırılan diz”ə görə tutmayacaqlar, amma...

 Fuad Qəhrəmanlını “qırılan diz”ə görə tutmayacaqlar, amma...

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb. O, yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhrəmanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq etməkdə günahlandırılır. Beləliklə, F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə ittiham olunur.

Baş Prokurorluq bu barədə məlumat yaydıqdan bir qədər sonra Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur açıqlama yayaraq ərindən şikayətçi olmadığını bildirib.

O, bununla bağlı baş prokuror Zakir Qaralova ərizə ilə müraciət edib. Zümrüd Yağmur ərizəni sosial şəbəkə hesabında paylaşıb.

Bəs bu halda prokurorluq hansı əsaslarla cinayət işi qaldıra bilər?

Qeyd edək ki, bundan əvvəl bir sıra ailə, qadın və uşaq problemləri üzrə qeyri-hökumət təşkilatlarının sədrləri, o cümlədən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri" Gülayə Səfərova birgə bəyanat yayaraq, öz ailə üzvlərini fiziki və psixi iztirablara məruz qoyan, onlara əzab verən Fuad Qəhrəmanlı barədə ciddi tədbir görülməsi ilə bağlı müraciət ünvanlamışdılar. Bu müraciət cinayət işinin perspektivi ola bilərmi?

Mövzu ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “Yeni Müsavat”a danışıb: “Məişət zorakılığı ilə bağlı məsələlərdə şəxslərin ifadəsini almaq zəruridir.

Məlum olduğu kimi, prokurorluq Fuad Qəhrəmanlıya 133.2.4-cü maddə ilə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə maddələri ilə cinayət işini açıb. Bu maddəni irəli sürərkən qızına qarşı olan əməlləri nəzərdə tutulur. Məsələn, qızın facebookda atasının onun dizini qırdığı barədə iddiaları var idi. Amma sonradan məlum olub ki, Fuad Qəhrəmanlı nəlbəkini həyat yoldaşına atarkən, nəlbəki qızının ayağına dəyib. Yəni bu məqsədli şəkildə törədilməyib. Həmçinin belə anlamaq olur ki, hadisə təxminən 5 il əvvəl baş verib. Məlum olduğu kimi, məişət zəminində bu cür hadisələrin 5 il müddəti olur. Yox, əgər ortada işgəncə varsa, müddət keçilmiş sayılmır.

133.2.1 iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə maddəsinə gəldikdə isə bu məsələdə də həm həyat yoldaşının, həm də qızının mütləq rəsmi şəkildə ifadəsi alınmalıdır. Həyat yoldaşı bir neçə mətbuat orqanına müsahibəsində Fuad Qəhrəmanlının ona qarşı zorakılıq, işgəncə törətdiyi barədə açıqlamalar verib. Gərəkdir ki, bunu ifadəsində də qeyd etsin.

Bir daha qeyd edirəm ki, tərəflərin şikayəti olmadan cinayət işinə baxıla bilməyəcək, ortada rəsmi ifadələr olmalıdır. Amma qızı sosial şəbəkədə bu məsələyə baxılmasını istəsə və şikayətçi olduğunu desə, ortada rəsmi ifadə olmasa belə, cinayət işinə baxılacaq.

Həmçinin məlum olduğu kimi, bir neçə qeyri-təşkilat sədrləri məsələyə baxılması ilə bağlı müraciət ünvanlayıb. Bu müraciət varsa, rəsmi şikayət ifadələri olmasa belə mütləq tədqiqat işləri aparılacaq".

Onu da əlavə edək ki, CM-in 133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən, yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə əzab vermə törətdikdə, 133.2.4. aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə, işgəncə törətdikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Yeni Müsavat”

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
90 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...