Prezidentin köməkçisindən jurnalistin ölümü ilə bağlı növbəti açıqlama

Prezidentin köməkçisindən jurnalistin ölümü ilə bağlı növbəti açıqlama


"Cənab Yaqlandın hadisənin mahiyyəti, görülmüş işlər və hətta söhbətin kimdən getdiyi barədə geniş məlumata malik deyil"

"Cənab Yaqlandın açıqlamasından görünür ki, o, baş vermiş hadisənin mahiyyəti, Azərbaycan hakimiyyətinin bu hadisəyə münasibəti, görülmüş işlər və hətta söhbətin kimdən getdiyi barədə bir o qədər də geniş məlumata malik deyil. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı gördüyü işlərlə tanış olduqdan sonra Yaqlandın bu tipli açıqlamalarına ehtiyac qalmayacaqdı".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Ə. Həsənov xatırladıb ki, prezident İlham Əliyev jurnalistin ölümündən ciddi narahatlığını ifadə edib, bunu ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib: "Dövlət başçısı aidiyyəti orqanlara cinayət faktının hərtərəfli araşdırılması, günahkarların tapılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı tapşırıqlar verib, məsələni şəxsi nəzarətinə götürüb. Cənab Prezident bəyan edib ki, bundan sonra da söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzarətdə saxlayacaq".

Əli Həsənovun sözlərinə görə, respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi jurnalistin ölümünün səbəbinin araşdırılması və günahkarların qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirib, məsələ barədə ictimaiyyətə dolğun məlumat verilib.

"O ki qaldı jurnalistlərə qarşı zorakılıq, onların ölümü ilə bağlı məsələlərə, qeyd etməliyəm və təcrübə də göstərir ki, dünyanın heç bir ölkəsi bu tipli cinayətlərdən sığortalanmayıb. Əsas odur ki, hakimiyyət hadisəni düzgün qiymətləndirsin, məsələ obyektiv araşdırılsın, təqsirkarlar barədə qanuna uyğun şəkildə ölçü götürülsün, habelə bu kimi halların gələcəkdə təkrarlanmaması üçün ciddi iradə nümayiş etdirilsin və zəruri tədbirlər görülsün. Azərbaycan hakimiyyəti bütün bunları edib, ictimaiyyət də həyata keçirilən tədbirləri anlaşıqlı qarşılayır və dəstəkləyir" deyə, Həsənov qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları, siyasi partiyalar, kütləvi informasiya vasitələri, dini və milli azlıqları təmsil edən qurumlar arasında çox yaxşı dialoq mövcuddur: "Hakimiyyət və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri arasında müntəzəm qaydada görüşlər keçirilməsi, cəmiyyəti narahat edən məsələlərin müzakirə olunması və problemlərin həlli üçün birgə səy göstərilməsi bunu açıq şəkildə təsdiq edir. Azərbaycan hakimiyyəti bu günə kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib və bundan sonra da bu istiqamətdə öz səylərini davam etdirmək əzmindədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1024 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...