Dünya mətbuatı dünyanı bürüyən böhranı müzakirə edir

Dünya mətbuatı dünyanı bürüyən böhranı müzakirə edir


“Həftələr boyunca Çinin səhm bazarındakı satış təzyiqi belə bir fikir yaratmışdı ki, hökumətin dəstəyi dayanınca hər şey daş kimi aşağı yuvarlanacaq. Bu səbəbdən bazar ertəsi Şanxay fond birjasının “SSE Composite” indeksi 8.5% düşəndə bu, sürprizdən çox qlobal reaksiya idi. Səhmlər niyə hər yerdə düşməyə başladı?” Bu barədə “The Wall Street Journal” yazır. Nəşr qeyd edir ki, Çin bazarı real iqtisadiyyatla heç vaxt sıx bağlı olmayıb. Ancaq deyəsən, bu vəziyyət dəyişməkdədir. Ən azı indiki çaxnaşma artımın yavaşıması və kapital axını ilə üst-üstə düşür.

“Eyni zamanda Çinin qlobal iqtisadi təsiri böyük olmayıb. Hər halda Çin ABŞ və Avropa kimi tələbin yekun mənbəyi deyil, maliyyə sistemi dünyanın qalan hissəsindən ayrılıb. Ancaq Çin yeni körpüləri, fabrikləri və yaşayış binaları üçün xammal idxalını dayandırsa, dünya iqtisadiyyatında artımın əsas sütunlarından biri sıradan çıxmış olar” - deyə “The Wall Street Journal” yazır. “Hazırda Çindən o qədər mənfi xəbər gəlir ki, Çinin artım modelinin böyük stress sınağından keçdiyi qənaətinə gəlməmək mümkün deyil” -nəşr əlavə edir.

“Hətta əmtəə və səhm bazarlarında son düşüşdən öncə dünya iqtisadiyyatı zəif idi. Ancaq Çin, Avropa, Yaponiya və digər ölkələrdən gələn son məlumatlar artımın təhlilçilərin proqnozlarından artıq azaldığını göstərir. Bu, həmin ölkələrin siyasətçiləri üzərinə bir yük qoyur ki, iqtisadiyyatı gücləndirmək üçün daha etibarlı yollar düşünsünlər” - bunu isə “The New York Times” qəzetinin redaksiya məqaləsində oxuyuruq. Yazıda ən narahatedici xəbərlərin dünyanın ikinci böyük iqtisadiyyatı olan Çindən gəldiyi vurğulanır: “Görünür, Çinin kommunist hökuməti maliyyə bazarına məcburi müdaxilə ilə işləri daha da korlayıb. Əvvəla, dövlət şirkətlərinə və qiymətli kağızlar sənayesinə səhmlər almaq göstərişi verilir.

Ancaq bu addım səhm bazarına inamı tənzimləyə bilmədi və səhmlər düşməkdə davam etdi. Çinin valyutasını devalvasiya etmək qərarı digər ölkələrin valyutalarını da dollara nisbətdə kəskin endirib.

Təhlilçilərin çoxu ümid edirdi ki, Çinin yüksəlişi qlobal iqtisadiyyat üçün yaxşı olacaq, Birləşmiş Ştatlarla yanaşı daha bir böyük artım mənbəyi yaranacaq. Ancaq hökumətin bu yay iqtisadiyyatı yanlış idarə etməsi Çinin bu rolu bir daha oynaya bilməyəcəyi fikrini ortalığa qoydu. Problem ondadır ki, dünyanın qalan hissəsi də çabalayır”.

Məqalədə Yaponiya, Rusiya, Braziliya kimi ölkələrin iqtisadiyyatının da zəiflədiyi vurğulanır. Çin və digər ölkələr daha az xammal idxal edirlər. Neftin qiymətləri düşür. Əmtəə ixrac edən ölkələr iqtisadiyyatlarını şaxələndirməlidirlər.

“The New York Times” daha sonra yazır: “Amerika iqtisadiyyatı daha yaxşı formadadır, ancaq dünyanın qalan hissəsinə kömək edəcək sürətlə inkişaf etmir. Dünyada yavaşımalar Birləşmiş Ştatlarda artımı da zəiflədə bilər, belə ki, Amerikadan ixraca tələb azalar.

Son aylar dollar digər valyutalara nisbətən güclənib ki, bu da hər yerdə Amerika mallarını bahalaşdırıb. Federal Ehtiyatlar Sisteminin gələn aydan faiz dərəcələrini artıracağı gözlənir. Bunu etməmişdən qabaq qlobal iqtisadiyyatın zəifliyini nəzərə almalıdır”.

“The Washington Post” isə yazır ki, mərkəzi banklar qısamüddətli xilas planlarını uğurla həyata keçirsələr də qlobal artımı yeni, daha sağlam dayaqlar üzərinə qaldıra bilməyiblər. Bu, qlobal pul və mal axınının tarazlaşdırılmasını tələb edəcək.

“Uzun müddət ABŞ istehlakçıları dünyada hazır məhsulların əsas tələbat mənbəyi idi. O malların çoxu Çindən gəlirdi, Çin də inkişaf edən dünyadan xammal alırdı... İndi Çin daha çox özünün daxili tələbatına əsaslanacaq, Birləşmiş Ştatlar isə daha çox ixrac hesabına artacaq” - deyə nəşr bildirir. “The Washington Post” yazır ki, təkcə Birləşmiş Ştatlar dünya iqtisadiyyatına lazımi dəyişiklikləri irəli apara bilər: “Prezident Obama və respublikaçıların idarə etdiyi Konqres bazarlardan gələn xəbərləri ciddiyə almalıdırlar. Bu xəbərlər qlobal dirçəlişin necə kövrək, yeni sarsıntılara necə davamsız olduğunu göstərir”.

“Financial Times” Çinin nəhəng iqtisadi problemlərlə üzləşdiyini yazır. Ölkədə kəskin investisiya düşüşü var. İxrac artıq ölkəni xilas edə bilməz. “Qlobal iqtisadiyyatın 15 faizini verən Çin öz yoluyla getmək üçün kifayət qədər böyükdür. Maliyyə böhranından bəri iqtisadiyyatı stimullaşdıran investisiyayönümlü modelə qayıtmaq da müdrik addım olmazdı. Belə yüksək səviyyədə kapital yatırımı bir tərəfdən, inkişafın səmərəsiz modelidir, digər tərəfdən, qəfil dayanmalara məhkumdur.

Pekin çaxnaşmaya düşməməli, hökumət isə istehlakı artırmağın yollarını düşünməlidir. Gəlinən nəticələr ictimaiyyətə bildirilməlidir. Ölkədə bazar iqtisadiyyatına xas fiskal və monetar tənzimləmə alətlərinin olmadığını nəzərə alsaq, bazarlar və dünyanı planın mövcudluğuna inandırmaq lazımdır” - deyə “Financial Times” yazır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...