Sağ ikən özünə məzar qazdırmaq olarmı?- ARAŞDIRMA

Sağ ikən özünə məzar qazdırmaq olarmı?-
Əməkdar artist, mərhum müğənni Cavanşir Məmmədovun ölümündən öncə verilişlərdən birində etdiyi açıqlamalar ölümündən sonra yenidən gündəmə gəlib. O mollaya beh verdiyini deyib və dünyasını dəyişəndən sonra həmin mollanın onun məclisinə gəlib, mərasimi aparmağını xahiş edib. Məşhur meyxana ustadı Ağamirzə Məmmədov da sağlığında özünə qəbir yeri qazdırıb.

Moderator.az-a açıqlama verən meyxanaçı həmin məzar yerini 8 ildir hazırlatdığını bildirib.

“Gördüm ki, atamın, anamın, babamın, əmilərimin yanında yer var, orada özüm üçün məzar qazdırdım. Üstünü örtmüşük. Baş daşı qoydurmamışam. Bir də görürsən ki, adam elə vaxtda rəhmətə gedir ki, yağış sel olur, gedib qazımaq olmur, əzab-əziyyət olur. Allah təki mənə orada dəfn olunmağı qismət etsin. Bu hamıya lazımdır. Kəfənimi də almışam ki, yerdə qalanlar əziyyət çəkməsinlər. Bilinmir ki, sabah, biri gün nə olacaq?! Allah istəyən olsun. Çoxu mənə deyir ki, nə bilirsən? Bəlkə təyyarədə öldün, bəlkə çayda öldün meyitin tapılmadı?! Məzardır da, o qədər hadisələr olur ki. Allah nə məsləhət bilsə o olacaq” deyə sənətçi bildirib.

Bəs görəsən mollaya sağ ikən beh vermək, ondan bu cür xahişlər etmək, məzar yerini öncədən qazdırmaq doğrudurmu? Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Moderator.az-a bildirib ki, hər bir insan aqibətini, axirətini fikirləşməlidir.

“Hədislərdə qeyd olunur ki, gedin qəbirləri ziyarət edin, onlar sizə axirətinizi xatırladacaq. İnsan mütləq axirətini xatırlamalıdır, mütləq qəbir üstünə getməlidir. Biri həddindən artıq zəngin olan zaman qəbirstanlığa gedib, orada özündən də zəngin insanların yatdığını hiss edir və onun eqosu sınır. İnsan həddindən artıq kasıb olduğu zaman qəbirstanlığa gedir və orda da yatanların ondan daha aşağı və üst təbəqədə olduğunu görür. O ki, qaldı insanın özünə öncədən qəbir yeri qazdırmaq və yaxud qəbir yerini təyin etmək.. Əlbəttə bu bəyəniləsi işdir. İnsan gözü görə-görə axirət evini təyin edir. Mollaya öncədən behin verilməsi isə məqsədəuyğun hesab olunmur” deyə Hacı Surxay bildirib.

İlahiyyatçı onu da bildirib ki, valideyn dünyasını dəyişməmiş malını, mülkünü övladları arasında bölüşdürməlidir.

“Oğlanın payı qıza nisbətən fərqlidir. Oğlan mirası ikidir, qız mirası bir. Çünki xanım ailə həyatı qurur, ər himayəsində olur. Ona görə də vəsiyyət önəmlidir. Hədislərdə qeyd olunur ki, insan dünyasını dəyişməmiş övladlarına mal-mülk vəsiyyəti etməlidir. Kimə nə verəcəyini dünyada olarkən bölüşdürməlidir. Çünki şəxs dünyasını dəyişəndən sonra vərəsələr arasında ciddi narazılıqlar yaranır. Öncədən bu təyinat verilərsə, ədalətli bölgü olarsa, Allah təala həmin şəxsin günahlarını da bağışlayar” deyə Hacı Surxay bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...