“Gördüyünüz “Space” Vaqif Mustafayevin düşüncəsidir”
“Oğurluğu bilmirəm, rüşvət almağı bacarmıram. O vaxt televiziya gələn kimi “Sizin Saat” proqramı partladı. Son beş ildə Space TV elə hala düşüb ki, oradan ancaq qaçmaq lazımdır. Mən də bunu etdim”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur aparıcı Kamran Həsənli “Popumuz var” proqramında qonaq olarkən deyib. O, Space TV-nin rəhbəri Vaqif Mustafazadəni sərt bir şəkildə tənqid edib:
“Heç vaxt ər arvadından danışmaz, giley etməz. Bu, bizim mental onurğa sütunumuzdur. Bizim təhsil onurğa sütunumuz olmayıb. Alimlər, universitetlər gec ortaya çıxıb. Əsasən mənəviyyat sütunumuz var idi, televiziya yolu ilə sındırdılar.
2006-cı ildə Azərbaycanda televiziyalara rüşvət, korrupsiya və yalançı reytinq girdi. Bizim insanlarımız televiziyalarımıza nifrət edirlər. Bir millət öz televiziyasına nifrət edirsə, bu, faciədir. Deyirlər ki, tamaşaçı intellektual verilişə baxmır. Mənim hər gün Space TV ilə savaşım olub. Onlar reytinqin nə olduğunu başa düşmürlər. Məni televiziyaya buraxmırlar. Kanallarda dekorativ dəyişikliklər olur, başqa heç nə!
2000-2005-ci illərdə efirdə özüm olurdum. Eldar Namazov, Etibar Babayev rəhbərim olub. Bir dəfə deməyiblər ki, niyə bu mövzunu efirdə müzakirəyə çıxarmısan? Amma Vaqif Mustafayev deyirdi ki, belə edəcəksiz! Gördüyünüz Space TV Vaqif Mustafayevin düşüncəsidir.
Uzun fasilədən sonra yenidən kanala qayıtdım. “Onda başladıq” proqramı var idi. Brilliant Dadaşovadan tutmuş Qənirə Paşayevayadək hər kəs -kanalın arzusunda olan insanlar qonaq olurdu. Veriliş başlayandan sonra millət vəkili Aqil Abbas məni yığıb dedi ki, əla verilişdi, amma bağlayacaqlar. Üç həftə keçəndən sonra bağladılar. Dekorasiya üçün cibimdən pul vermişdim.
V. Mustafayev dedi ki, verilişdə rəqs olmalıdır. Cazdan belə danışmağa qoymurdular. Onun caza və Vaqif Mustafazadəyə nifrəti var. O elə bilir ki, indiyədək əhali hind filminə baxır. O televiziya təkcə Azərbaycan xalqı üçün yox, kanallar üçün böyük ləkədir. Belə televiziya ola bilməz”.
777 dəfə oxundu