“Bu, həyat deyil, yaşamaq deyil...” - Xalq artisti
Pandemiya cəmiyyətin həyatına mənfi təsirini göstərir. Bundan ən çox əziyyət çəkənlər isə sənət adamlarıdır. Xüsusilə müğənnilərin giley-güzar dolu çıxışlarıyla tez-tez qarşılaşmaq mümkündür.
Yenisabah.az-a danışan Xalq artisti Valeh Kərimov pandemiyanın aktyorlara da təsir etdiyini deyib.
“Moşu” kimi tanıdığımız aktyor sosial məsafəni gözləməklə teatrların açılmasının tərəfdarı olduğunu bildirib:
“Düzü, mən artıq teatrda işləmirəm. Altı ildir təqaüdə çıxmışam, amma hər zaman teatrla əlaqəm olub. Elə dünən yolum Sumqayıta düşmüşdü. Mən hara getsəm birinci növbətə teatra baş çəkirəm. Getdim Sumqayıt teatrına, gördüm qapılar bağlı, bir nəfər belə yoxdur, bircə gözətçi dayanıb qapıda. Mənə çox pis təsir etdi. Kövrəldim, belə vəziyyət olsa da teatrları məncə, açmaq olar. O demək deyil ki, tamaşalara 300-500 nəfər gəlib baxsın. Necə ki, məktəblər məsafə qorumaqla açıldı, eləcə də teatrlar açıla bilər. 500 nəfərlik zala 50 nəfər tamaşaçı gəlib, ara məsafəni qorumaqla tamaşaya baxa bilər. Bunun nə ziyanı var axı? Mənə elə gəlir ki, məktəblər, restoranlar, muzeylər kimi teatrlar da açılmalıdır”.
Sənətçi müğənnilərin tez-tez maddi problemlərindən danışmasına da münasibət bildirib:
“Aktyorlar heç dolanışıqlarından şikayət etməzlər, çünki onlar aldıqları maaşa baxırlar. Onlar gəlirlərini elə idarə edirlər ki, o maaşla ay sonuna kimi dolana bilsinlər. Həmin maaşı da karantin olsa da, sağ olsun dövlətimiz yenə verir. Amma müğənnilər bir az ərköyündürlər, yeyib-içməyə, çox xərcləməyə öyrəşiblər. İndi birdən-birə pulları kəsilib deyə narahatdırlar. Qoy canları sağ olsun, İnşallah vəziyyət düzələr, yenə qazanarlar, kefləri istəyən kimi xərcləyərlər”.
Aktyorun fikrincə həmkarları pandemiya bitəndən sonra işlərinə daha həvəslə geri dönəcək:
“Mənim fikrimcə, aktyorlar pandemiyadan sonra işə daha həvəslə girişəcəklər. Bilirsiniz, tamaşçı ayrı şeydir, onun nəfəsini duymaq, alqışını eşitmək aktyora ilham verir. Olub ki, 1969-cu ildə teatra ilk başladığımız vaxtlarda elə tamaşalar olurdu ki, ora 15 nəfər adam gəlirdi. Sovet dövründə belə bir qanun vardı 13 bilet satılırdısa, tamaşa oynanmalı idi. Biz də gözləyirdik ki, 14-cü adam da gəlsin, çıxaq tamaşanı oynayaq. Böyük tamaşalar oynayırdıq, 3 saata yaxın səhnədə olurduq. Fikirləşirdik ki, təki salonda gözlər sənə baxsın, istər 10 nəfər olsun, istər 500-1000 nəfər. Aktyorlar hazırda onun həsrətindədirlər, ona görə də yeni həvəslə, qüvvə ilə işə gedib, oynayacaqlar. Özüm isə evdəyəm, hər hansı layihədə yer almıram. Təqaüddəyəm, demək olar ki, elə günlərim evdə keçir. Kiçik nəvəm var, başımı onunla qatıram. Aşağı düşürəm, evə qalxıram, həyat deyil, yaşamaq deyil bu”.
821 dəfə oxundu