Şou verilişlər yığışdırılmalıdırmı?
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sentyabrın 30-da keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb.
Nəticə etibarilə ANS televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən 19.00-dək yayımlanan “Sən tək deyilsən” proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 5 oktyabr 2015-ci il tarixdən etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib. Oktyabrın 5-də isə MTRŞ-nin keçirdiyi iclas zamanı ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxılıb. Müzakirələrin nəticəsi olaraq ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 6 oktyabr 2015-ci il tarixindən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edilib. Eyni zamanda MTRŞ “Reklam haqqında” Qanuna əsasən, telekanal barədə ümumilikdə 54 min AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edib.
ANS televiziyası isə MTRŞ tərəfindən verilən qərarların qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmənin birinci iclası oktyabrın 9-na təyin edilib. İşə hakim Müseyib Bayramovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, telekanallarda yayımlanan şou xarakterli bəzi verilişlərin aşağı səviyyəli, bayağı olması ilə bağlı zaman-zaman müzakirələr aparılır. Lakin vəziyyət düzəlmək bilmir. Media kapitanlarının da bu istiqamətdə fikirlərinin maraqlı olacağını nəzərə alıb onların fikirlərini öyrənmək qərarına gəldik. “İnzibati metodların işə salınması qaçılmaz hala çevrilmişdi” “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib ki, hazırda televiziyalarda yaranmış durum heç də ürəkaçan deyil. Onun sözlərinə görə, xeyli müddətdir bu barədə deyilir, yazılır, etirazlar ifadə edilir: “Amma vəziyyət dəyişmir ki, dəyişmir. Bu baxımdan MTRŞ-nin inzibati metodları işə salması artıq qaçılmaz bir hala çevrilmişdi. Hesab edirəm ki, MTRŞ-nin inzibati rıçaqlarla vəziyyəti dəyişmək cəhdləri doğrudur. Bu, yaranmış durumdan çıxış yolunun tapılması üçün mövcud olan vasitələrdən biridir. Fikrimcə, ictimaiyyət də bu addımları dəstəkləməlidir. İndiki halda başqa yol da görmürəm. Üstəlik də atılan addımlar hüquqi müstəvidədir”. İ.Quliyev əlavə edib ki, qanun şuraya TV-lərin fəaliyyətinə bu cür müdaxilələr etməyə imkan verir: “Onlar da öz qanuni səlahiyyətlərindən istifadə edirlər. Ümid edirəm ki, biz yaxın vaxtlarda atılan addımların real bəhrəsini görəcəyik. Efirimiz milli-mənəvi dəyərlərə zidd, insan faciələri üzərində qurulan savadsız şoulardan, televerilişlərdən qurtulacaq. Düzdür, bu addımların teleməkandakı bütün problemləri həll edəcəyini düşünmək də sadəlövhlük olardı. Bunun üçün daha kompleks tədbirlər görülməlidir. İnanıram ki, müvafiq qurumlar gələcəkdə bu istiqamətdə də fəallıq nümayiş etdirəcəklər”. “Bayağı verilişlərin sayı çoxdur” “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, MTRŞ dövlətin televiziya siyasətini həyata keçirən bir qurumdur. Onun sözlərinə görə, şura dövlətin prioritetlərini nəzərdən keçiririr və bunu televiziya ekranında görmək istəyir: “Televiziyalarımızda bayağı verilişlərin sayı, təbii ki, çoxdur. Bu da müəyyən mənada Milli Televiziya və Radio Şurasını sərt qərarlar verməyə sövq edir. Ancaq hesab edirəm ki, bu qərarlar daha yumşaq olsaydı, daha yaxşı olardı. Yenə də tövsiyələr verilə bilər. Televiziyalar da öz üzərində çalışmalı və proqram siyasətinə yenidən baxmalıdırlar. Televiziya ekranında daha ciddi, ölkənin taleyi, tarixi, mədəniyyəti ilə bağlı verilişlərin sayı çoxalmalıdır”. A.Aşırlı qeyd edib ki, əyləndirərək maarifləndirmə ən mühüm vəzifə olmalıdır: “Bu baxımdan televiziyalar əyləndirərkən belə, cəmiyyəti maarifləndirməli və düşündürməlidir. Ancaq çox təəssüf ki, bayağı verilişlər olur və sayı artır. Bunu qarşısını almaq üçün də bu cür sərt tədbirlərə əl atılır”.
“Şuranın qərarını dəstəkləyirəm” “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, milli-mənəvi dəyərlərimizi korlayan, onu aşağılayan verilişlər, təbii ki, birmənalı şəkildə televiziya ekranlarından yığışdırılmalıdır. Müsahibimiz qeyd edib ki, bu gün televiziyalarımızda bütövlükdə Azərbaycan cəmiyyətinin, o cümlədən gənclərin inkişafına mənfi təsir göstərən verilişlər kifayət qədərdir: “Düşünürəm ki, bu gün Azərbaycan özəl televiziya məkanında bu cür qüsurlu hallar kifayət qədərdir. Bununla bağlı ictimaiyyətin münasibəti bəllidir. Doğrudan da, vətənpərvərlik ruhunun yüksəldilməsinə, gənclərin bu səpkidə böyüməsi ilə bağlı verilişlərə daha çox ehtiyac var. Amma çox təəssüf ki, bu gün həyatımızda yalnız və yalnız mənfi çalarlarla yadda qalan kifayət qədər bayağı verilişlər var. Bu verilişlərin qarşısının alınması və onların tədricən vətənpərvərlik ruhunda olan verilişlərlə əvəzlənməsi vacib şərtlərdən biridir”. V.Rəhimzadə hesab edir ki, MTRŞ-nın bəzi verilişlərin bağlı qəbul etdiyi qərarı dəstəkləyir: “Ümumilikdə, şuranın qərarını dəstəkləyirəm. Amma yalnız bir telekanalda bayağı verilişlər bağlanmamalıdır. Bir tamaşaçı kimi o fikirdəyəm ki, yüngül, şou xarakterli verilişlərin yayımına birmənalı şəkildə son qoyulmalıdır”.
1308 dəfə oxundu