Bakıda Novruz bayramı keçiriləcək - Aleyna Tilki konsert verəcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq paytaxt sakinlərini və şəhərimizin qonaqlarını baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələri ilə zəngin Novruz bayramını İçərişəhərdə qeyd etməyə dəvət edir.
Qoruq İdarəsindən Unikal.org-a bildirilib ki, martın 20-dən 26-dək davam edəcək “Bahar qalası” festivalında Qoşa qala meydanındakı dekorasiyalar qonaqları paytaxtımızın keçmişinə səyahətə aparacaq. Ənənəvi olaraq təşkil edilən konsert proqramı festival ərzində hər gün saat 12:00-dan axşam saat 18:00-a qədər davam edəcək. Tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında Novruz ənənəsinə sadiq olaraq bir-birindən fərqli rəqslər və nəğmələr təqdim ediləcək, estradamızın ulduzlarının ifasında sevilən mahnılar səsləndiriləcək.
Festival müddətində Qüllə küçəsi boyunca tavandan asılacaq rəngarəng lentlər, hava şarları və çilçıraqlar, keçiddə canlandırılacaq opera səhnəcikləri izləyənlərdə sehrli bir nağıl təəssüratı yaradacaq. Həmçinin Qüllə küçəsi boyu qurulacaq “Şərq bazarı”, oradakı tacirlərin və onların dəvələrinin istirahət etməsi bu ərazini öz tarixi gözəlliyinə qovuşduracaq.
Qız qalasının arxasındakı meydanda İçərişəhərin sakinlərinin qonaqlara öz qonaqpərvərliklərini nümayiş etdirmək, onlara Bakı mətbəxinin zənginliklərini sərgiləmək və əlavə gəlir əldə etmək üçün 3 satış nöqtəsi təmənnasız onların istifadəsinə veriləcək.
Qız qalası qarşısında yerləşən meydanda ölkəmizdə yaşayan xalqların uşaq ansamblları öz milli geyimlərində ifa edəcəkləri rəqslər və nəğmələrlə izləyənlərə Novruz bayramının çoxsaylı etnik qrupları birləşdirməsini, Azərbaycan ərazisində yaşayan xalqların firavan həyatını nümayiş etdirəcək.
Bütün bu yeniliklərlə yanaşı, festival çərçivəsində martın 23-də Qoşa qala meydanında Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edəcək.
1128 dəfə oxundu