Məşhur aparıcı AzTV-yə qayıdır?
12 il həyətinə belə ayaq basmadığım doğma televiziyama təbii ki, qayıtmaq istərdim.
Bu sözləri Kult.az-a Azərbaycanın məşhur və sevilən aparıcısı, əməkdar artist Nailə İslamzadə Azərbaycan Dövlət Televiziyasında gedən dəyişiklik, kadr islahatları ilə bağlı danışarkən bildirib.
Azərbaycan tamaşaçısına efiri sevdirən simalardan olan N.İslamzadə qeyd edib ki, AzTV-də hamı çoxdan dəyişiklik gözləyirdi. Onun sözlərinə görə, AzTV-də yaxşılığa doğru önəmli addımlar atılır:
“Düşünürəm ki, bu dəyişikliklər həm peşəkarların, həm də tamaşaçıların ürəyincədir. Ümumiyyətlə, son zamanlar ölkəmizdə baş verən dəyişikliklər cəmiyyətimizi tərəqqiyə, rifaha doğru aparır.
Bəli, AzTV-nin siması olmaq mənə asan başa gəlməyib. 36 ildir televiziya sahəsində çalışıram. AzTV-də isə 2006-cı ilə qədər işləmişəm. İşlədiyim müddət ərzində geniş yaradıcılıq imkanlarına, möhkəm yaddaşa, aydın tələffüzə malik olaraq “Xəbərlər”in, dövlət bayramlarına həsr olunmuş çoxsaylı proqramların və tədbirlərin, televiziyada çoxsəpkili verilişlərin əsas aparıcılarından və müəlliflərindən biri olmuşam. On il ərzində müəllifi və aparıcısı olduğum “Ailələr, talelər” proqramı televiziya məkanımızda tok-şou janrında bu mövzuda yaranmış ilk veriliş olaraq, Azərbaycan ailəsinin mənəvi, sosial və hüquqi problemlərinin həlli yolunda ictimai fikrə istiqamətverici təsir göstərmiş, maarifləndirici, öyrədici tendensiyaya malik olmaqla böyük tamaşaçı rəğbətini qazanmış və geniş ictimai əks-səda doğurmuşdu”.
Aparıcı əlavə edib ki, AzTV-dən ayrı düşdüyü son 12 ildə özünü dogma yurdundan didərgin olmuş insan kimi hiss edib:
“Doğma evindən didərgin düşmüş insan nə hiss edərsə, mən də onu hiss etmişəm. Düzdür, bu illər ərzində televiziya sahəsindən ayrılmadım. Azərbaycan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində, sonra isə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin ideyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi əsasında yaranmış, məramı milli-mənəvi və dini dəyərlərimizin təbliği, ölkəmizin tarixi və qədim mədəniyyətinin daha dərindən araşdırılması, erməni saxtakarlıqlarının üzə çıxarılması, xalqımızın həyatında tarixən mövcud olan tolerantlığın, mədəni və linqvistik müxtəlifliyin qorunub saxlanılması olan “Kulturaplus” internet televiziyasına rəhbərlik edərək cəmiyyətə öz töhfəmi verməyə çalışdım.
Amma 12 il həyətinə belə ayaq basmadığım doğma televiziyama təbii ki, qayıtmaq istəyərdim”.
1073 dəfə oxundu