Elton Hüseynəliyev ilk dəfə boşanmasından danışdı
"HƏYATIMDA SEVDİYİM İNSAN VAR"
Müğənni Elton Hüseynəliyev son vaxtlar gündəmdən uzaqlaşmasından bəhs edib. Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı şəxsi həyatından, yeniliklərindən danışıb. O, payız mövsümünə maraqlı layihələr hazırladığını bildirib:
“Kənara çəkilib, öz işlərimlə məşğulam. Sadəlövh, ürəyitəmiz biriyəm. Bəzi müğənnilər var danışanda belə əvvəlcədən plan qururlar. Nə etmişəmsə ürəyimdən gəlib. Mən pis insan deyiləm. Efirdə sanballı görünməyə üstünlük verirəm. Verilişə çıxıb, ancaq oxumaq istəyirəm. İndi yeni bir mahnı üzərində çalışıram, bilirəm ki seviləcək. İlin sonuna kimi konsert verməyi planlaşdırıram. Toliklə çalışıramsa, bu mütləq edilməlidir. 2011-ci ildə konsertimdə kamera orkestrı ilə canlı oxudum, partladı, amma efirə verilmədi. Mənə qarşı qara piar idi. Sevda Yahyayeva ilə də xeyriyyə konsertim efirdə getmədi. Yenə də konsertimdə hamıya canlı ifanın necə olduğunu sübut edəcəm. Çalışacam ki, bu dəfə efirdə yayımlansın".
Ad günündə avtomobil qəzası keçirən E.Hüseynəliyev şok keçirdiyini bildirib:
“Dar küçə ilə gedirdim, qəfildən maşın çıxdı və vurdum. Mənim maşınım az, qarşıdakı çox əzildi. Zədədən şoka düşdüm, halım pisləşdi. 32 yaşım oldu. Allah hər bir insana qocalıq nəsib etsin. Yaşın üstə yaş gəldikcə, insan düşünməli və dərk etməlidir. Öz sənətimdəyəm, heç kimin uğurunu qısqanmıram. Ad günümü övladlarımla, valideynlərimlə, dayılarımla qeyd etdim. Mən insanlara əziyyət vermək istəmirəm. Özümə gündə ad günü, toy edim, adam yığım düşünmürəm. Mənim üçün həyatda önəmli olan iki balam var. Ayrılsam da onlara diqqət etmək borcumdur”.
E.Hüseynəliyev prodüser həyat yoldaşı Toma ilə ayrılmasıyla bağlı ilk dəfə açıqlamalar verib:
“Ayrılma haqda heç nə danışmaq istəmirəm. Hər bir ailənin içində sirr var. İki insana məxsusdur və açıqlanmamalıdır. Sadəcə deyim ki, xasiyyətimiz tutmadı. Alınmayanda, bir-birimizi incitməkdən, uzatmaqdansa, maraqlı qalıb, ayrılmaq məsləhətdir. Mən ona həyatında uğurlar arzulayıram. Toma xanım gözəl, istedadlı prodüserdir. Öz gücünü göstərəcək. Ona uğurlar arzulayıram. Bu mənim öz qərarım oldu, müraciət etdim ayrıldım. Rəsmi boşanma da olub”.
“Bəs, ikinci dəfə evlənməklə bağlı nələr düşünürsünüz” sualına müğənni belə cavab verib:
“Bu söhbətlər mənə uyğun deyil. Mən şeyx deyiləm, ailim deyiləm bu haqda böyük fikirlər söyləyim. Bu gün həyatımdan razıyam. Sənətimlə məşğulam. Həyatımda sevdiyim insan var, xoşbəxtəm. Sevirəm və sevilirəm. Uşaqlarımla da tez-tez görüşürəm. Ailədir, alınmadı. Bu mövzuda indiyənə kimi danışmamışam. Açıqlama vermək istəmişəm, sonra düşünmüşəm ki, kənarda qalsam yaxşıdır. Amma mən sənət adamıyam. Bizim həyatımız gizli qalmır, istər-istəməz ətrafdakılar görür, bilir”.
1451 dəfə oxundu