"Onun dalınca danışanlara üzümü tutub deyirəm ki, bu, kişilikdən deyil" Tahir İmanov
Ötən həftə ölkə gündəmini "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlının vəzifəsindən kənarlaşdırması xəbəri zəbt etmişdi. Qadağası olan, olmayan, vaxtında bu haqda danışan, danışmayan da məsələyə, yumşaq desək münasibət bildirib... Ancaq bir neçə ildir tək ATV-də deyil, bütün yerli kanallarda qadağada olan, əsrin çempionları titulunun layiqli sahibləri danışmadı.
"Planet Parni İz Baku" KVN Teatrının bədii rəhbəri, respublikanın əməkdar artisti Tahir İmanov az qala hər müsahibəsində məmurların sifarişi ilə kanalların qara siyahısına düşdüyünü bildirir, TV rəhbərlərini tənqid edirdi. Ancaq çoxlarının sevincinə səbəb olan, "ən baxımlı kanal" statusunu daşıyan ATV-nin rəhbərinin işdən azad edilməsinə aktyordan fərqli sözlər eşitdik. O gözlədiyimiz kimi Qaradağlının əleyhinə danışmadı, hətta danışanları da qınadı.
PrimeTime.az-ın "Tet-a-Tet" rubrikasında yenə də Tahir İmanovdur. Əməkdar artist sualımızı gözləmədən, kiçik bir xatırlatma da etdi: - Mən həmişə olduğu kimi subyektiv fikrimi bildirirəm. Bu Azərbaycan Respublikasının cəmi bir vətəndaşının fikridir. "Planet Parni iz Bakı" KVN Teatrının digər üzvləri də mənim fikrimlə razıdır.
- Tahir bəy, yəqin ki, qadağada olduğunuz ATV kanalındakı son olaylardan xəbərdarsınız. Rəhbərliyin dəyişilməsi qərarı ani oldu və çoxlarını dilə gətirdi...
- Biz həmişə insanlar vəzifədə olanda onları tənqid eləmişik. Vəzifədən gedəndən sonra isə heç vaxt onların ardınca danışmamışıq. Mən belə şeylərin əleyhinəyəm. Amma bu, o demək deyil ki, mən ATV rəhbərliyini müdafiə edirəm. Xeyr, əslində onlara bir neçə "yağlı" kəlmə deməyə haqqım da çatır. Amma mən ATV rəhbərliyinin arxasınca danışmayacam. Nələri necə ediblər, artıq müzakirə mövzusu olmamalıdır. V.Qaradağlı hər zaman Allaha istinad edirdi. Qoy elə Allah da bilsin... Yıxılanın dalınca danışmaq vicdanlı insanların işi deyil. Keçmiş rəhbər vəzifəsində olan zamanlarda bütün fikirlərimi elə sizinlə müsahibədə açıq-aşkar bildirmişəm.
- Ancaq digər qadağada olan simalar sizin kimi təmkinli davranmadı...
- Dillərini yüz metr çıxaran müğənnilərin əlinə fürsət düşüb. Qaradağlı yıxılan kimi, bunlar cəsarətləndilər. Müğənni Nura Suri kimi vaxtında danışardınız da. Ona halal olsun həmişə sözünü deyib. O cümlədən də xalq artisti Flora Kərimova, müğənni Səidə Sultan. Ümumiyyətlə, xanım müğənnilərin həmişə cəsarəti çatıb. Kişi ifaçılar isə indi kişiləşib! Əgər rəhbərlik müğənniləri haradasa pulsuz oxudurdusa, demək o ifaçıların başı yox idi, qul idilər! Bilirsiniz, mən müğənnilərlə birdəfəlik qurtarmışam. Azərbaycanı təhqir edib, ermənilərə dəstək olan gürcü müğənnisi Soso Pavliaşvili yadınızda? Müğənni milli qalmaqala cəlb olunmuş, Azərbaycandakı konsertinə qadağa qoyulması tələb edilmişdi. Bu məsələdə bütün cəmiyyət - rejissorlar, yazıçılar, hətta aidiyyatı olmayan qurumlar belə ayağa qalxdı. Birbaşa bu məsələyə aidiyyatı olan müğənnilərimiz susdu. Özünü ulduz adlandıranlar, xalq və əməkdar artistlərimiz danışmadı! Bəs nə oldu, niyə susdunuz? Bu Azərbaycanın məsələsi deyildimi? Ona görə onlarla birdəfəlik qurtardım. Amma yenə deyirəm, gedənin arxasınca danışmazlar. Cəsarətiniz çatırdısa vəzifədə olanda danışardız, adamların üzünə deyərdiniz. Bəlkə bəzi müğənnilər indi ağıllanalar. Digər kanal rəhbərlərinin etdiklərini danışalar. Yenə deyirəm, mən V.Qaradağlını müdafiə etmək istəmirəm. Sadəcə indi onun dalınca danışanlara üzümü tutub deyirəm ki, bu, kişilikdən deyil. - Tahir bəy, siz hər tamaşanızda bütün televiziya kanallarını sərt təndiq edir, onların tamaşaçıya bayağı, mənasız verilişlər təqdim etdiyinizi vurğulayırsınız. Ancaq həm də orada olmaq istəyirsiniz... Bəlkə televiziya rəhbərləri üçün bu da bir səbəbədir? - "Planet Parni iz Baku" komandasının efirlərdə olması istəyə yox, birbaşa ixtiyara bağlıdır. Azərbayacan televiziyasında görünmək bizim də haqqımız, ixtiyarımızdır. Çünki biz Azərbaycanı təmsil edəndə, 90-cı illərdə bayrağımızı yüksəklərə qaldıranda indiki televiziya rəhbərlərinin adı kanal dəftərində olmayıb. Əslində bunların əksəriyyətinin televiziyaya aidiyyatı da yoxdur. Biri şərqşünasdır, digəri kinorejissordur və s. - Amma ATV-nin yeni rəhbəri Azər Xəlilov əməkdar jurnalistdir və birbaşa televiziyaya aidiyyatı olan savadlı kadrdır. Onun haqqınızda verəcəyi qərar fərqli ola bilərmi? - Mən düşünürəm ki, heç nə dəyişilməyəcək. Məşhur fransız deyimi var, öldü Kral, yaşasın Kral! Məsələ təxminən eynidir. Bizim qadağalarımız məmurlar səviyyəsindədir. Onun kökü çox dərindir. İndi başa düşdük ki, Ümumilli Lider Heydər Əliyevin vaxtında bizi dəstəklən məmurların əslində bizdən zəhlələri gedirmiş. Buna 100 % əminik! İndi əllərinə fürsət düşüb ki, ölkə başçısı, cənab İlham Əliyev konsertlərimizə gəlmir. Biz də sözümüzü prezidentə, eyni zamanda Mehriban xanım Əliyevaya çatdıra bilmirik. Onlar da vəziyyətdən sui-istifadə edirlər. Üstəlik bizi də şərləyirlər. Çünki biz əyilməmişik. Həmişə öz fikrimiz, əqidəmiz olub. Bizi sındırmaq, tarixdən silmək alınmaz. Biz ilk növbədə Heydər Əliyevə söz vermişik. Bizi qadağaya qoyan tv rəhbərləri mərhum ölkə başçısına verdiyimiz sözü pozdura bilməyəcəklər. Heydər Əliyev kimi şəxsiyyətin xeyir-dua verdiyi incəsənət adamlarına necə qadağa qoymaq olar? Qara siyahıları azmış kimi, hələ şər də atırlar... - Zaman göstərir ki, həyatda ən vəfasız amillərdən biri də məhz vəzifədir.... - Bəli! Və bunu unutmaq olmaz. Vəzifə bir gün olmaya da bilər. ATV-nin Qaradağlıdan da əvvəlki rəhbərliyinin xüsusi qara siyahısı var idi. Bunlar N.Dostəliyeva neçə il qadağada qoyub. O siyahıda həmçinin digər fəxri ada layiq görülən Faiq Ağayev, Flora Kərimova da olub, bəlkə də var yenə də. Axı bu insanlar xalq artistidir. Onlara bu fəxri adları ölkə başçısı verir. Belə çıxır ki, siz qoyduğunuz qadağa ilə Prezident fərmanının eleyhinə gedirsiz? Ümumiyyətlə, həyatın hər bir anında ağıl, kamal, izzət, sözsüz ki, vicdan da olmalıdır. Vəzifədən, kiminsə adından istifadə etmək və yıxılanın dalınca danışmaqla heç nə həll etmək olmaz! O vaxt televiziya sənətə qiymət verirdi. Sənətkarın ağır xəsiyyətini səbəb gətirərək, onun sənətini ucuzlaşdırmırdı. Bizim olduqca ağır xüsusiyyətə malik korifeylərimiz olub. Amma sənətlərini, istedadlarını kimsə danmayıb. Ancaq indi bizim ünvanımıza "çətin xasiyyət" deyib, salıblar qara siyahıya. Amma mən elə bilirdim ki, televiziya istedadlı və kreativ insanların məkanıdır. Xasiyyətin çətin yaxud asan olması ikinci plana keçir. Mən həyatda pis, qəddar insan ola bilərəm. Ancaq mənim istedadım var. Klubumuzun bir çox üzvləri ölkə başçısının imzaladığı fəxri adla təltif ediliblər. Bu cür amillərin yanında xasiyyətimizin necə olması nə məna daşıyır? - Teatrınızın digər üzvü Vado Korovin də ATV-də vəzifədə idi. Onun kanaldakı durumu haqda məlumatınız var? - Əslində bu haqda dəqiq məlumatım yoxdur. Amma əgər Vado ATV-dən çıxıbsa, yəqin bir komandanın üzvü kimi hərəkət edib. Axı hər yerdə belədir. Bir komanda gəlir, gedəndə də birgə gedirlər. Burada bir qəbahət yoxdur. Vay o insanın halına ki, min rəhbərin əlinin altında işləyib. Bəlli ki, onlar simasız insanlardır...
Sonda "Planet parni iz Baku" KVN Teatrının televiziya tamaşaçılarına təqdim edilməyən ötən ilki konsertini yayımlayırıq:
1207 dəfə oxundu