“Azərbaycanda ATƏT-in layihə koordinatorluğunun olması vacib deyil” - Bahar Muradova

“Azərbaycanda ATƏT-in layihə koordinatorluğunun olması vacib deyil” -

“Azərbaycan böyük inkişaf yolu keçərək çox böyük uğurlara imza atıb. Biz hesab edirik ki, artıq ATƏT-in Bakıda layihə koordinatorluğunun olması vacib deyil. Çünki Azərbaycanın insan haqları, təhlükəsizlik və digər sahələrdə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlar bu ofisin fəaliyyətinə ehtiyac olmadığını göstərir”.

Bunu APA-ya Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova son günlər ATƏT və Azərbaycan münasibətlərində yaranan gərginliyə münasibət bildirərkən deyib.

B. Muradova hesab edir ki, üzv ölkə olaraq, Azərbaycanın mövqeyi bu məsələdə nəzərə alınmalıdır: “Düzdür, bəzi üzv dövlətlər özlərində ATƏT-in ofisinin olmadığı, qurumun müşahidə missiyasını ölkələrinə buraxmadığı, ATƏT-in tövsiyələrinə əməl etmədiyi halda hesab edir ki, Azərbaycan 57 üzv ölkənin qərarını nəzərə alaraq, ofisin fəaliyyətini bərpa etməlidir. Bizim fikrimizcə isə bu yanaşma doğru deyil. Bu qərarın, yəni layihə koordinatorluğunun fəaliyyət göstərməsi də elə Azərbaycan tərəfindən qaldırılmışdı. Üzv ölkələr bu təklifi qəbul etdi. İndi də Azərbaycan həmin üzv ölkələrə təklif edib ki, ofisin fəaliyyəti dayandırılsın. Onlar bu barədə qərar verəcək. Təbii ki, bizim təklifimiz nəzərə alınmalıdır”.

B. Muradova onu da deyib ki, ofisin bağlanması Azərbaycanın qurumla münasibətində heç bir soyuqluq yaratmayacaq: “ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi olmasına və ofisin bağlanmasının bu proseslərə təsirinə gəlincə, ATƏT-in bu münaqişənin həllində rolu onsuz da bizə bəllidir. Onların mövqeyi tərəfimizdən zaman-zaman çox ciddi tənqid olunub. Ofisin burada mövcudluğu Qarabağ məsələsinin həllinə təsir göstərsəydi, onda məsələ bu günə qədər həll edilmiş olardı. Bir üzv dövlətin digər üzv dövlətin ərazisini işğal etməsi ATƏT-in təməl prinsiplərinə ziddir. Bu günə qədər bir irəliləyiş baş verməyibsə, burada onların ofisinin bağlanması da ciddi dəyişikliyə səbəb olmayacaq. O ki qaldı ATƏT-lə olan əməkdaşlığa, biz buna son qoymuruq. Biz ofisin fəaliyyətinin məqsədə uyğun, bu gün Azərbaycana lazım olmadığını əsaslandırırıq. Amma ATƏT-in Vyana ofisi ilə əməkdaşlığı davam etdiririk. Bizim orada nümayəndəmiz var, ən vacibi ATƏT PA-nın üzvüyük. Sadəcə layihə koordinatorluğuna ehtiyac yoxdur. Çünki bu layihələri artıq Azərbaycan müstəqil şəkildə həyata keçirə bilir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...