Məşhur müğənni terrora görə konsertini ləğv etdi
Dünya şöhrətli ifaçı Meray Keri Belçikadakı konsertini ləğv edib. ANS PRESS-in məlumatına görə, müğənni bu həftə baş verən terror aktlarını nəzərə alaraq bu addımı atıb. Konsertin ləğv edilməsinə səbəb isə təhlükəsizlik məsələləri olub. Konsert martın 27-də olmalı idi.
Məşhur müğənni sosial şəbəkədə bu məlumatı izləyiciləri ilə bölüşüb: "Mən Brüsseldəki pərəstişkarlarımı sevirəm. Mənə pərəstişkarlarımın, qrupumun və personalımın təhlükəsizliyini təmin etmək üçün şounu ləğv etmək məsləhət görüldü".
Brüssel konserti ləğv edilsə də müğənninin bu gün Lüksemburqda keçirilməsi planlaşdırılan konserti qüvvədədir.
Martın 22-si Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Terrorçular törədilən hücumların detallarını açıqlamayıblar. Eyni zamanda onlar Avropanı yeni terror aktlarını törədəcəkləri ilə bağlı hədələyiblər.
Yanvar ayında müğənni Meray Keri avstraliyalı biznesmen sevgilisi Ceym Parkerlə nişanlanıb. Milyarder Ceym Parker Nyu-Yorkun ulduz restoranlarının birində hər kəsin qarşısında diz çökərək müğənniyə evlənmə təklifi edib. İfaçı təklifi qəbul edib. Milyarderin ifaçıya hədiyyə etdiyi üzüyün qiyməti 8 milyon dollar dəyərində qiymətləndirilir.
1179 dəfə oxundu