“Space“də qalmaqal böyüyür: “Qanımızda xəyanət yoxdur”

“Space“də qalmaqal böyüyür: “Qanımızda xəyanət yoxdur”
İllərdir “Space” telekanalında rəhbərlik tez-tez dəyişsə də, kanalla bağlı narazılıqlar səngimək bilmir. Bu dəfə tanınmış aparıcı Zamirə Dadaşovanın telekanalın rəhbəri Vado Karovinin ünvanına sərt fikirlər səsləndirməsi müzakirələri yenidən qızışdırdı.

Z.Dadaşovadan sonra tanınmış şoumen, “Space”in keçmiş aparıcısı Kamran Həsənli də açıqlama verərək iradlara qoşuldu. O, bunun rəhbərliklə əlaqəli olduğunu bildirdi.

Kanalın keçmiş əməkdaşlarının tənqidi açıqlamaları “Space”in hazırkı işçiləri tərəfindən birmənalı qarşılanmayıb.

GUNDEMİNFO.AZ xəbər verir ki, mövzu ilə bağlı sözügedən kanalın tanınmış aparıcısı Amil Xəlil Yenisabah.az-a danışıb. O, keçmiş əməkdaşların bu cür yol tutmasının düzgün olmadığını bildirib:

“Mən özüm o vaxt ATV telekanalından “Space”ə gəlmişəm. Amma bir dəfə də olsun ATV telekanalı haqda mənfi fikir səsləndirmədim, halbuki həmin dönəmdə orada rəsmi olaraq çalışan müdir və müavini komandamıza qarşı böyük bir səhv eləmişdi. O, maddiyatı və ədalətsizliyi üstün tutdu, bizi uzaqlaşdırdı. Həmin vaxt bir çox adam gedib bu haqda saytlara açıqlamalar verdi, amma mən qəti şəkildə heç nə danışmadım, müsahibə vermədim. Əgər mənim müdirlə, müdir müavini ilə problemim varsa, niyə bütün əməkdaşları təhlükəyə atmalıyam?”

Teleaparıcının sözlərinə görə, “Space” komandası hər zaman bir-birinə hörmət edib, dəstək olublar:

“İndi eyni məsələ “Space” telekanalında baş verir, burada çalışırlar, işdən çıxdıqda isə müxtəlif saytlara açıqlamalar verirlər. Onu deyim ki, “Space” qədər mehriban komandası olan ikinci bir kanal yoxdur, bunu tam səmimi deyirəm. Bizim burada aylarla maaş almadığımız olub, elə vaxt olub ki, 6-7 ay maaşsız qalmışıq. 3-4 ay maaş almamışıq sonra 100-200 manat almışıq, çətinliklə dolanmışıq, amma iş yerimizi tərk etməmişik. Hətta vergi orqanları “Space”də yoxlama aparanda da gördü ki, insanlar burada elə mehribanlığa görə, buradakı dostluğa, səmimiyyətə görə çalışıblar. Çünki bizim qanımızda xəyanət yoxdur.

Kim ki, bu komanda ilə uzlaşmır, mehriban ola bilmir, yalnız həmin adamlar gedib bu cür mənfi açıqlamalar verirlər. Sonuncu açıqlamaların birində keçmiş əməkdaşımız deyir ki, bütün verilişlər, komanda belə idi. Bu, yanlış fikirdir. O, bizə sataşır. Yeri gəlsə, bu komanda ilə qaynayıb-qarışmayanlar olublar, gəlib verilişini aparıb çıxıb gediblər.

Yeni rəhbərlik də gəlib və görür ki, biz komanda olaraq bir-birimizə necə dəyər veririk, hörmət edirik.

Bu gün çıxdığı kanal haqda belə danışanları, başqa kanallar da işə götürmür, fikirləşir ki, sabah bizim haqqımızda da danışacaq. İllərlə televiziyada gənclərə kim şərait yaradıb? Hər kəs özünü güdüb.

Vallah, “Space” baxılır da, sevilir də. Bu gün əgər mən hansısa bölgəyə məhkəməyə yaxud cinayət araşdırılması üçün gedəndə insanlar yaxınlaşırsa, sizi izləyirik deyirlərsə, bu o deməkdir ki, kanal sevilir.

Bu yaxınlarda Xalq artisti Röya Ayxan da efirdə dedi ki, məni məşhur edən “Space” olub. Doğurdan da belə olub. Gəlin, keçmişimizi unutmayaq. Çox təəssüf ki, ölkəmizdə xarici ölkələrin kanallarının yayımlanması gətirib buna çıxarır. Vaxtında başqa kanallara yox, öz kanallarımıza baxsaydıq, bu gün belə söhbətlər də yaranmazdı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...