Hüquq müdafiəçiləri Kəlbəcər girovları ilə görüşüb
“Helsinki təşəbbüsü-92” təşkilatının erməni hüquq müdafiəçiləri Karen Oqandcanyan və Svetlana Canqiryan Şuşada həbsxanada saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir. Məlumata əsasən təşkilatın əsas məqsədi azərbaycanlı girovların saxlanılma şəraiti və onların səhhəti ilə maraqlanmaq olub. Erməni hüquq müdafiəçiləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə uzunmüddətli söhbət aparıblar. Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
1107 dəfə oxundu