“Prezidentin MTN-lə bağlı fərmanı doğru addımdır” - Sülhəddin Əkbər

“Prezidentin MTN-lə bağlı fərmanı doğru addımdır” -


Dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Musavat.com xəbər verir ki, həmin fərmana əsasən, hər iki qurum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılır. Prezidentin bu fərmanına münasibət öyrənmək üçün vaxtilə analoji təkliflə çıxış etmiş Milli Təhlükəsizlik nazirinin sabiq 1-ci müavini Sülhəddin Əkbərlə əlaqə saxladıq.

Sabiq MTN-çi bildirdi ki, verilən qərarı olduqca müsbət qiymətləndirir: “Dövlət başçısı görünür ki, bu sahədə verilən təkliflərə diqqətlə yanaşır. Amma onu da qeyd etmək istəyirəm ki, təkcə bu təklifin qəbul olunması özlüyündə nə Azərbaycanın kəşfiyyat xidmətinin, nə də təhlükəsizlik xidmətinin güclənməsinə gətirib çıxara bilməz. Bundan ötrü verilən təkliflərin hamısı kompleks şəkildə nəzərə alınmalıdır. Və xüsusən də, kadrların hazırlanması sahəsinə xüsusi diqqət yetirilməlidir. Birincisi MTN-də tamamilə təmizlənmə əməliyyatı aparılmalıdır. Müəyyən standartlara cavab verməyən kadrların hamısı oradan uzaqlaşdırılmalıdır. İkincisi isə, oraya yeni kadrların cəlb olunmasında üç məsələyə xüsusi diqqət yetirilməlidir.

Birinci məsələ vətənpərvərlikdir. Çünki oraya seçilən kadr vətənpərvər olmasa, onun digər keyfiyyətləri nə qədər yüksək olursa-olsun, o funksiyanı yerinə yetirə bilməyəcək. İkincisi, yüksək intellektual səviyyə, analitik düşüncə qabiliyyəti olmalıdır. Üçüncüsü də peşəkar olmalıdır və yüksək keyfiyyətli təhsil almalıdır. Bunun üçün də akademiyada da təhsil strukturu yenidən qurulmalıdır”.

S.Əkbər onu da bildirdi ki, Azərbaycanın xüsusi xidmət akademiyası yeni təhlükəsizlik paradiqması əsasında qurulmalıdır: “Konseptual olaraq, Azərbaycanın keçmiş postsovet dövlət təhlükəsizliyi baxışından, milli təhlükəsizlik baxışına keçməsi lazımdır”.

Sabiq nazir müavininin fikrincə, daxili işlər orqanlarında xidmət etmiş şəxslərin bu quruma gətirilməsi prosesini də dayandırmaq lazımdır: “Mən hər zaman qeyd edirəm ki, hələ sovet dönəmində belə, Dövlət Təhlükəsizliyi Komitəsinə milisləri işə götürmürdülər. Çünki buraya - istər kəşfiyyat xidmətinə, istərsə də əks kəşfiyyat xidmətinə yüksək standartlar tələb olunur. Ona görə də, əksinə, bu günə qədər bu orqana götürülmüş bütün polislər oradan təmizlənməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...