Dalğıclar itkin neftçiləri bu gün axtarmayıb
"FHN-in helikopterləri və SOCAR-ın AZAL-dan sifafiş etdiyi helikopterlər itkin neftçilərin axtarışlarını hazırda da davam etdirir". Virtualaz.org saytı xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin operativ qərargahında “Günəşli” yatağının 10-cu özülündə baş verən yanğınla bağlı bu gün keçirilən növbəti mətbuat konfransında "Azneft" İB-in baş mühəndisi Balamirzə Ağarəhimov deyib. B.Ağarəhimovun sözlərinə görə, "Neft daşları və “Günəşli” yatağı ərazisində gedən axtarışlar nəticə verməyib: "Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri də axtarışları davam etdirir. Yanğının söndürülməsi sahəsində də ciddi dəyişiklik baş verməyib”.
Baş mühəndis vurğulayıb ki, yanğının söndürülməsi ilə məşğul olqn 5 gəmidən biri ərazidən uzaqlaşacaq: “Yanacaq doldurmaq üçün bir müddət sonra gəmilərdən biri oradan uzaqlaşacaq və onu FHN-ə məxsus “Vixr” gəmisi əvəz edəcək”. “Azneft” rəsmisi FHN-in dalğıclarının axtarışı davam etdirməsi barədəki məlumatı da təkzib edib: “Dalğıclar hazırda axtarışı davam etdirmir, çünki hava şəraiti buna imkan vermir”.
Balamirzə Ağarəhimov deyib ki, sabah SOCAR-la ABŞ-ın "Boots and Coots" şirkəti arasında "Günəşli" yatağındakı yanğının söndürülməsi ilə bağlı görüş keçiriləcək, müzakirələrdən sonra tədbirlər planı hazırlanacaq: "Onlar bizdən platformanın və avadanlıqların sxemini istəyiblər. Müzakirələrdən sonra tədbirlər planı hazırlanacaq və qərar veriləcək ki, yanğının söndürüməəsi neçə saat və ya neçə gün davam edəcək".
991 dəfə oxundu