Yaşayış minimumu və kreditləri qaytarmamaq problemi - Mərkəzi Bankdan etiraz
Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlərin ödənilməsində və bununla bağlı məhkəmə qərarlarının icrası zamanı yaşayış minimumunun nəzərə alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl hüquqşünas Əkrəm Həsənov sosial şəbəkələrdəki statusunda bildirib ki, bank müştəriləri öz gəlirlərinin yalnız yaşayış minimumundan artıq hissəsini bank krediti kimi ödəyə bilərlər. Əgər onların gəlirləri yaşayış minimumundan aşağıdırsa, onlar kredit ödənişindən imtina edə bilərlər.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) hüquq ekspert komissiyasının sədri Qorxmaz Ağayev isə fins.az-a bildirib ki, bank və müştəri arasındakı münasibətlər Mülki Məcəllə ilə tənzimləndiyinə görə, yaşayış minimumunun həcmi kimi anlayışların bu məsələdə istifadə edilməsi və bunan kreditin qaytarılmaması üçün əsas kimi götürülməsi düzgün deyil.
AMB-dən Əkrəm Həsənovun mövqeyini tamamilə yanlış olduğu bildirilib. Bank nümaynədəsi bildirib ki, ekspertlər belə açıqlamalara görə məsuliyyət daşıyırlar: «Hətta müəyyən sahələrdə biliyə malik deyilsə, həmin ekspert rəyinin verilməsindən imtina etməlidirlər. Qanuna əsaslanmayan iddialarla mətbuatda çıxış edib əhalini çaşdırmaq yolunu tutmaq düzgün deyil. Bu bank sisteminə qarşı qərəzli bir mövqedir». Bankdan bildirilib ki, Ə.HƏsənov bundan əvvəl də müflisləşmə barədə düzgün olmayan açıqlamalarla çıxış edib: «Həmin açıqlamada bu ekspert faktiki olaraq adamları bankların pulunu qaytarmamağa çağırır».
AMB nümayəndəsi bildirib ki, adı çəkilən məsələ (yaşayış minimumu və kreditlərin qaytarılması) ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının mövqeyi və səsləndirdiyi cavab tamamilə doğrudur: «Banklar Assosiasiyasının hüquq komissiyası tutarlı dəlillərə və qanuna əsaslananan cavab verilib. Biz də bu mövqeyi dəstəkləyirik».
1138 dəfə oxundu