Azərbaycanın din xadimləri və alimləri prezident İlham Əliyevə müraciət ediblər
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi Dini Şurası və Qazılar Şurasının üzvləri, Azərbaycanın bölgələrindən olan din xadimləri və alimləri ölkəmizin dini ictimaiyyətinin narahatlığını, dindarların çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
APA-nın xəbərinə görə, müraciətdə deyilir ki, din xadimləri, QMİ-nin Elmi Dini Şurası və Qazılar Şurasının üzvləri Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə, tolerant və multikultural mühitə və məzhəblərarası münasibətlərə zərbə vurmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq niyyəti ilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş terror hadisəsinin dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir: “Baş verənlər xarici və daxili pozucu qüvvələr tərəfindən siyasi məqsədlərlə gündəmə gətirilən, cəmiyyətdə nifaq salmaq və dövlət çevrilişinə cəhd kimi qiymətləndirilir. Azərbaycanın ictimai-siyasi sabitliyinə, tolerant həyat tərzinə xələl gətirə biləcək hər hansı xain layiqli cəzasını almalıdır. Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən nəticə çıxararaq məkrli niyyətlərinə son qoymalıdır.
Tale Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman Birliyi” adlı qondarma qurumun dindarlara heç bir aidiyyəti yoxdur və QMİ tərəfindən dini qurum kimi tanınmır.
QMİ-nin Dini Şurası və Qazılar Şuralarının üzvləri olaraq hüquq-mühafizə və xüsusi xidmət orqanlarından tələb edirik ki, ölkəmizin bütün inanclı insanlarının dərin narahatlığına səbəb olmuş bu hadisəni, kimliyindən asılı olmayaraq dindən sui-istifadə etməklə törədənlərin dövlətçiliyimizə təhlükə yaradan əməllərinə hüquqi-siyasi qiymət verilsin.
Bu, Azərbaycan dindarlarının haqlı tələbidir.
Əminik ki, sabitlik və inkişafımızı gözü götürməyən qüvvələrin bu kimi təxribatçı cəhdləri möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz” .
1127 dəfə oxundu