Azərbaycan manatı böyük təzyiq altındadır
Qubad İbadoğlu: "Manata olan işgüzar inam gündən-günə azaldığından onu qorumaq AMB-yə getdikcə baha başa gəlməkdədir"
Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu xarici valyuta bazarlarında müşahidə olunan dəyişikliklərə münasibət bildirərkən qeyd edib:
"ABŞ-da iqtisadi artımla bağlı optimist gözləntilərin özünü doğrultması bütövlükdə dünya iqtisadiyyatında yeni tendensiyalar formalaşdırmaqdadır. Aşağı neft qiymətlərinin məcmu tələbə artırıcı təsiri, yumşaq monetar siyasət və davamlı olaraq aparılan liberallaşdırma siyasəti bu ölkədə iqtisadi artımı, məşğulluğu, deflyasiyanı və birbaşa xarici investisiyaları stimullaşdırır. Belə ki, ABŞ-da ümumi daxili məhsul 3-cü rübdə əvvəlki rüblə müqayisədə 3,9 faiz, bütölükdə isə 2015-ci ilin 9 ayında 2,5 faiz artıb.
Nəticədə sentyabr ayında işsizlik səviyyəsi 5,1 faiz, inflyasiya isə - 0,04 faiz oub. Məlumat üçün qeyd edək ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) bu il üçün 2 faizlik hədəf inflyasiyası elan edib. Proqnozlara görə, 2015-ci ildə ABŞ-a birbaşa xarici investisiyaların həcminin 11% artaraq 1.4 trln dollara çatacağı gözlənilir. Bütün bu müsbət tendensiyalar ilk növbədə ABŞ dollarının beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir. Bununla yanaşı ABŞ FEC Açıq Bazar Komitəsinin 15-16 dekabrda keçiriləcək növbəti toplantıda banklar üçün uçot dərəcəsinin (hazırda 0.25 faizdir) yüksəldiləcəyi ilə bağlı ehtimallar digər valyutalara, o sıradan da manata olan təzyiqi biz az da artırır.
Bundan başqa Avropa Mərkəzi Bankının monetar genişlənmə proqramını davam etdirməsi avronun dollara nəzərən məzənnəsini aprel ayından sonra ən aşağı səviyyəyə salıb. Beləliklə də xarici valyuta bazarlarında müşahidə olunan dəyişikliklərdən Azərbaycan manatı da təsirlənməkdədir. Xüsusilə də son günlər ABŞ dollarının avroya nəzərən məzənnəsinin daha da möhkəmlənməsi Azərbaycanda nağd dollara tələbatı bir az da artırmış, həmçinin cəmi depozit bazasının valyutalar üzrə strukturunda bu ildən başlayan dəyişikliyi sürətləndirmişdir. Belə ki, bu ilin oktyabrın 1-nə olan məlumata görə, xarici valyuta ilə depozitləriin ümumi yekunda payı 75,4 faizə çatıb. Müqayisə üçün qeyd edək ki, 1 il bundan əvvəl müvafiq göstərici 50,2 faiz təşkil edib.
Bütün bunların nəticəsində bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankı (AMB) daxili valyuta bazarında sabitliyi qorumaq üçün bazara 1 gündə 94 milyon dollar əlavə vəsait yerləşdirmək məcburiyyətində qalıb. Göründüyü kimi, getdikcə zəifləyən manat yalnız daxili bazarın vəziyyətindən qaynaqlanan təsirlərə deyil, həm də xarici makro iqtisadi şoklara reaksiya verməkdədir. Nəticədə manata olan işgüzar inam gündən-günə azaldığından onu qorumaq AMB-yə getdikcə baha başa gəlməkdədir.
Şübhəsiz ki, neft qiymətlərinin artması ehtimalının olmadığı yaxın illərdə valyuta bazarında müşahidə olunacaq şokları sadəcə valyuta rezervlərini xərcləməklə tənzimləmək perspektivi görsənmir. Yeni və təminatlı siyasət isə bütövlükdə iqtisadiyyatın, ayrıca isə valyuta bazarının liberallaşdırılması ola bilər. Milli iqtisadiyyat liberal bazar tənzimlənməsinə keçid nə qədər tez təmin olunarsa, bir o qədər də tez dövlətin xərci azala və manatın iqtisadi əsaslarla formalaşma dövrü başlaya bilər. Əks tədqirdə nominal olaraq məzənnəsi qorunan, amma reallıqda dəyəri və iqtisadiyyatda rolu getdikcə aşağı düşən manatı xilas etmək mümkün olmayacaq. Bu sahədə islahatlar həm də hazırda qeyri-müəyyən şəraitdə gözləmə mövqeyində durub, yaxın gələcəkdə sabit və işgüzar rejimdə fəaliyyət göstərmək istəyən sərmayəçilər və sahibkarlar üçün də vacibdir".
1109 dəfə oxundu