Manat kəskin devalvasiyaya uğramasa da, ucuzlaşacaq
Natiq Cəfərli: “Azərbaycanın bütün makroiqtisadi göstəriciləri və dünyada baş verən iqtisadi proseslər onu göstərir ki, manata dəyərdən düşəcək”
Dünya bazarında dollar bahalaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər. Bu fikirlə iqtisadçı ekspert Samir Əliyev ötən gün mətbuatda çıxış edib. İqtisadçının sözlərinə görə, ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar bu dəfə də dollara əlavə dəstək verib və dünya valyutası bahalaşmağa başlayıb.
İqtisadçının sözlərinə görə, dünyada dollar əsas valyutalara münasibətdə möhkəmlənir və Azərbaycanda da artıq dollar 1,051 manat həddinə kimi bahalaşıb. Lakin bu, “üzən məzənnə” siyasətinə keçid deyil: “Üzən məzənnə”yə keçid Azərbaycanda yaxın dövrlərdə mümkün deyil, hətta məsləhət deyil. Çünki onun fəsadları ağır ola bilər”.
İqtisadçı onu da deyib ki, devalvasiyanın baş verməsi zaman məsələsidir və hökumətin qərarından asılıdır: “Üzən məzənnə”yə keçid, fevral ayında olduğu kimi, “valyuta ehtiyatlarını qorumaq və ixracı stimullaşdırmaq” adı altında da ola bilər. Hər bir halda bütün yollar ona aparır”.
Bundan əlavə, manat bu ilin fevral ayında baş verən devalvasiyadan sonra ilk dəfə psixoloji həddi keçərək, dollara qarşı məzənnəsində 1.05 psixoloji həddini keçib. Hazırda 1 dollar 1.0504 manatdır. Manatın bu cür yumşalması da devalvasiyanın olacağı ilə bağlı ehtimalları artırır.
Səslənən proqnozları dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli isə hökumətin fevral ayında olduğu kimi, kəskin devalvasiyaya getməyəcəyini vurğulayıb: “Manatın məzənnəsinin zəifləyəcəyi heç kimə sirr deyil. Azərbaycanın bütün makroiqtisadi göstəriciləri və dünyada baş verən iqtisadi proseslər onu göstərir ki, manata təzyiq getdikcə artacaq. Neft gəlirlərinin azalması, dünyada dolların güclənməsi manata basqıları daha da artıracaq. Ancaq hökumətin fevral ayındakı kimi 30-35 faizlik kəskin devalvasiyaya getməsi ehtimalı çox aşağıdır. Çünki, birinci devalvasiya Azərbaycam iqtisadiyyatına o qədər ağır təsir göstərdi ki, hələ də Azərbaycan özünə gələ bilmir. Bank sektoru ayaqda qalmaqda çətinlik çəkir, pis vəziyyətdədir. İqtisadi aktivlik xeyli dərəcədə zəifləyib, əhalinin gəlirləri azalıb. Bunun ən böyük səbəblərindən biri də kəskin devalvasiya oldu. Ona görə də Mərkəzi Bank da, Maliyyə Nazirliyi də kəskin şəkildə manatın məzənnəsinin dəyişməsinə getməzlər. Bu, Azərbaycan iqtisadiyyatının onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirə, iqtisadiyyatı çökdürə bilər”.
İqtisadçı ekspertin fikrincə, hökumət kəskin devalvasiyaya getməmək üçün “üzən məzənnə” siyasəti üzərində işləyir: “Bunun adı “üzən məzənnə” olsa da, yavaş-yavaş manatın məzənnəsinin zəiflədilməsi yolunun tutulduğu açıq aşkar görünür. Manatın devalvasiyasından sonra 1 dollar -1.05 manat psixoloji hədd idi. İndi artıq 1 dollar 1.0504 manatdır. Bu, özü bir siqnaldır ki, hökumət günbəgün manatın dəyərdən düşməsinə gedəcək. Bu, davamlı olacaq və qısamüddətli bir proses deyil. Bu prosesə təsir edə biləcək yeganə amil neftin qiymətinin kəskin şəkildə artması ola bilərdi ki, o da yaxın gələcəkdə mümkün deyil. Əgər neft 40 dollardan da aşağı düşəcəksə, o zaman Mərkəzi Bank manatın ucuzlaşması istiqamətində addımlarını daha da sürətləndirməli olacaq və “üzən məzənnə” adı altında tez tez yumşalmaya başlayacaq. Ancaq neftin qiyməti hazırki həddə qalsa, bu zaman manatın ucuzlaşması tədricən gedəcək”.
Natiq Cəfərli manatın dəyərdən düşməsinin səbəbi kimi, dünya bazarında dolların bahalaşmasına səbəb olan amilləri də nəzərə almanın vacib olduğunu bildirdi: “ABŞ-ın Federeal Ehtiyat Sisteminin (FES) faiz artımı ilə bağlı bəyənat verməsi bir çox ölkələrdə yatırımların Amerikaya dönməsinə səbəb olacaq. Artıq dünya birjaları bu xəbəri alıblar. Son günlərdə dolların bahalaşmasının da əsas səbəbi budur. Bu proses dekabr ayının 17-nə qədər davam edəcək. Dekabr ayında FES-in iclasıdır və səsvermənin nəticələri açıqlanacaq. Əgər faiz artımı olsa, dolların daha da kəskin bahalaşmasının və möhkəmlənməsinin şahidi olacağıq”.
1327 dəfə oxundu