DYP radara düşən deputatlara xəbərdarlıq etdi CƏRİMLƏRİ ÖDƏYİN
GUNDEMİNFO.AZ yazır ki, AzVision.az saytı bir neçə gün öncə millət vəkillərinin yol hərəkəti qaydalarını pozması ilə bağlı yazı dərc edib. Sözügedən yazıda bəzi deputatlar sürət həddini aşaraq rada düşdüklərini etiraf etsələr də, bir çox parlament üzvü onlara güzşət edilməsini tələb edib.
Millət vəkilləri bəzən dövlət tədbirlərinə gecikməmək üçün qaydaları pozduqlarını bildirirlər. Bu səbəbdən parlamentarilərin fikrincə, yol polisi onlara cərimə yazmamalı, yol verdikləri qanun pozuntusuna sözün əsl mənasında göz yummalıdırlar.
Bəs,qanun nə deyir? Deputatlar bu məsuliyyətdən yayına bilərlərmi?
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, qayda pozan istənilən nəqliyyat vasitəsi xüsusi texniki vasitələrlə qeydə alınır və onun barəsində real vaxt rejimində elektron inzibati protokol tərtib olunur.
DYP rəsmisinin görə, əgər həmin nəqliyyat vasitəsi hüquqi şəxsə məxsusdursa, protokol hüquqi şəxsin ünvanına göndərilir: “Hüquqi şəxs həmin nəqliyyat vasitəsinin kimin istifadəsində olması barədə 5 gün müddətində məlumat verir. Bu dövlət orqanı və özəl şirkətlər də ola bilər. Ümumilikdə burada hüquqi şəxslərdən söhbət gedir. Həmin nəqliyyat vasitəsini idarə edən sürücü barədə məlumat olduqdan sonra protokol 3 gün ərzində həmin şəxs haqqında yazılır və nəzərdə tutulmuş qaydada ona göndərilir. Həmin şəxs də protokolu aldığı vaxtdan sonra 10 gün ərzində vəsatət qaldıra bilər. Bu vaxt müddətində vəsatət qaldırmasa, qərar hesab olunacaq, qərarda hansı məbləğ göstərilibsə, həmin şəxs o cərimə miqdarını ödəməlidir”.
Qaydanı pozan fiziki şəxslərə gəlincə, K.Əliyev bildirib ki, hansı şəxsə məxsus avtomobil qayda pozuntusunu törədirsə, sonuncu dəfə etibarnamə kimə verilibsə, həmin şəxsə, əgər etibarnamə yoxdursa, müddəti bitibsə, sözsüz ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi barədə protokol tərtib olunur: “Yəni bu protokollar tərtib olunanda, avtomobil sahibinin hansı vəzifə tutması barədə mərkəzi informasiya sistemində heç bir məlumat olmur. Onun yalnız adı, soyadı, atasının adı və ünvanı olur. Qayda pozuntusu aşkar edilərsə və həmin şəxs barəsində elektron sənəd formasında inzibati protokol tərtib olunursa, həmin şəxs o cərimə məbləğini ödəməlidir”.
DYP rəsmisi qeyd edib ki, “Yol hərəkəti haqqında” qanunda göstərilir ki, Milli Məclisin deputatlarının nəqliyyat vasitələri saxlanılıb yoxlanıla bilməz: “Burada söhbət qayda pozuntusuna görə məsuliyyətə cəlb etməməkdən getmir. Bu günlərdə KİV-də yazılan məlumatları oxudum və onlara istinadən deyirəm ki, deputatların bəziləri tələsməkdən az da olsa qayda pozuntularına yol verdiklərini bildiriblər. Sözsüz ki, onlar da cərimələrini ödəyirlər”.
1746 dəfə oxundu