“Badü-Kubə” MTK “ibtidai icma dövrü" FOTOLAR
GUNDEMİNFO.AZ yazır ki, “Badü-Kubə” MTK-nın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V-massivi 13A saylı binasında yaşayan sakinlər “Qafqazinfo”ya müraciət edib.
Onların sözlərinə görə, 10 ildir mənzil aldıqları binanın hələ də kommunal sistemi yoxdur: “2005-ci ildə mənzil aldığımız binaya 3 il əvvəl köçə bildik, o da ki, kommunal sistemi hazır olmamış. MTK-nın sədri Ədalət Qəmbərov bizə söz verdi ki, siz evlərinizi təmir etdirin, köçün, mən də binanın kommunal məsələlərini həll edəcəm. Ancaq indi hər dəfə görüşəndə deyirlər ki, 3 ay da dözün. 3 aylar yığışıb artıq 3 il olub. Binada nə işıq var, nə su, nə kanalizasiya, nə də ki qaz. Demək olar ki, İbtidai icma quruluşunda yaşayırıq. Binada 300-dən çox mənzil var və hələki 40 ailə mənzilini təmir edib köçüb. Hazırda təmiri gedən mənzillər də var. 15 mərtəbəli binada hamı özü üçün su çəni qoyub, zirzəmi su bidonları ilə doludur. 15-ci mərtəbəyə su daşımaq olar?
İşığımız da binada təmir gedən zaman tikinti üçün çəkilən bir xətdir. Hər ailə binaya köçdüyündə məcbur həmin xətdən işıq çəkib, indi elektrikin gücü 130V-dur. Qaz da yox, bəs bu gücdəki işıqla nə etmək olar?”.
Sakinlər kanalizasiya sistemi olmadığı üçün həyətdə quyu qazıldığını və axşamlar üfunətdən həyətin yaxınlığından keçmək mümkün olmadığını bildirib: “Vaxt ötdükcə üfunət iyi aşağı mərtəbələrdə də yaşamağı çətinləşdirir. Uzun illər kirayə yaşadıqdan sonra bir mənzil alaq dedik. 3 ildir ki, cəhənnəm əzabı çəkirik. Binada istilik olmadığından qışda divarlardan su axır, təmirimiz də bərbad olub getdi. Qabaqdan da qış gəlir, bilmirik, bu vəziyyətdə necə yaşayacağıq”.
Bina sakinlər onu da bildirib ki, şikayət etdikləri zaman MTK sədri binanın tikintisinə görə ondan yüksək məbləğdə rüşvət alındığını və bu səbəbdən də binada qalan işləri yoluna qoymağa pulunun olmadığını bildirib: “Pul yox idisə, niyə bizi aldadırdılar? Axı təmirə bir ətək pul xərcləmişik. Binanın tikintisi zamanı işlədilən elektrik enerjisinin pulunu da biz ödəmək məcburiyyətində qaldıq, yoxsa işığımız verilmirdi. Evlərimizi satışa çıxarırıq, sata bilmirik. Almağa gələn bir az araşdırıb vəziyyəti bilib çıxıb gedir”.
Xatırladaq ki, bu ilin may ayında bina sakinləri “Qafqazinfo”ya müraciət edərək 25 gündür ki, işıqsız qaldıqlarını bildirmişdilər.
3687 dəfə oxundu