Qul bazarındakı şəhid atası prezidentdən kömək istədi

Qul bazarındakı şəhid atası prezidentdən kömək istədi


İntiqam Bağırov: “Daha daş daşıya bilmirəm, qarovulçuluq işi tapmağıma yardım edin”

Ağsu rayonunda yaşayan şəhid atası dövlət başçısı İlham Əliyevə müraciət edərək kömək istəyir. Daşdəmirbəyli kənd sakini İntiqam Bağırov qul bazarında dayanmaqla artıq ailəsini dolandıra bilmədiyini vurğulayır və dövlət başçısından bir qədər yüngül iş istəyir, məsələn, heç olmasa, oğlunun şəkli yapışdırılan kənd məktəbində qarovulçuluq işi…

Şəhid atası bildirir ki, dolanışığının çətin olmasına, digər iki oğlunun və özünün işsiz olmasına baxmayaraq, heç onlara sosial yardım da verilmir. İşsiz ailənin kənddəki və rayondakı dükanlara, apteklərə xeyli borcu yığılıb qalıb. Kömək üçün üz tutduğu aidiyyatı qurumlar isə onun müraciətlərini cavabsız qoyub…

İntiqam Bağırov əməkdaşımızla söhbət zamanı bildirib ki, neçə illərdir, qul bazarında fəhləlik edərək, ailəsinə çörək pulu qazanır: “Artıq səhhətim ağır iş görməyə imkan vermir, daş qaldıra, daş daşıya bilmirəm. Dəfələrlə icra hakimiyyətinə, sosial müdafiəyə, nə bilim, ümidim hara çatıbsa, getmişəm, ailəmi dolandırmağa iş istəmişəm. Heç bir nəticəsi olmayıb. Heç olmasa, kənd məktəbində qarovulçuluq işi belə, vermədilər. Həmin məktəbə oğlum Vahidin şəklini asıblar. Oğlum 2012-ci ildə şəhid olub. Şəkli vurulan məktəbdə oxuyub, oğlum...”

İ.Bağırov deyir ki, dəfələrlə Ağsu rayonunun icra başçısının da yanına gedib: “Uşaqların heç biri işləmir, ailəyə təkcə mən baxıram. Qazancım da o qul bazarından çıxır, uşaqlar işsizdirlər, ailələri ancaq bizim pensiyamızdan asılıdır. O da ki, heç dava-dərmana çatmır. Ocağım onsuz da sönüb. Rəsmilər bu ağrı-acını başa düşmürlər. Bu bir yana, problemlərimizə tamamilə etinasızdırlar. Sosial yardım almaq üçün müraciət etmişəm, deyirlər ki, bizə düşmür. Yararsız pay torpağımız var, heç nə əkib-becərmək mümkün deyil. İcra başçısı bir dəfə dedi ki, icradan İlqar müəllimi göndərəcək bizim dərdimizi dinləyib, kömək etsin. Səs-soraq yoxdur. İllərlə deputatımızı belə, görmürük. Hərə öz kefindədir, xalqla maraqlanan yoxdur. Bələdiyyə də torpaq vermir, yəqin hamısını satıblar. Uşaqlarım xəstədir, müalicə üçün pul tapa bilmirəm. Həyat yoldaşım da oğlum şəhid olandan bəri xəstədir. Neçə aptekə borcum var, ödəyə bilmirəm. Artıq həkimə getməyə pul yoxdur, o ki, qalmışdı, resepti almağa...”

Şəhidin anası isə dinmir, yalnız deyir ki, “Olan oldu, balam öldü, daha nə deyim ki..?”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1035 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...