Qızılın sürətlə ucuzlaşması gözlənilir
Dünya bazarında qızılın qiyməti 1000 ABŞ dolları/unsiya səviyyəsinə düşə bilər. Qızılın ucuzlaşmasına səbəb ABŞ Federal Ehtiyat Sisteminin(FES) dekabr ayında uçot dərəcəsini artırması ehtimalı göstərilir. Belə ki, oktyabrda keçirilən iclasda FES, dekabr ayında faizlərin artırılması üçün müəyyən siqnallar verib.
Qeyd edək ki, FES-in üç əsas üzvünün sabah, noyabrın 4-də məruzələrlə çıxış edəcəyi planlaşdırılır. Bu, FES-in rəhbəri Canet Yellen, Nyu-York şəhəri FES-in rəhbəri Uilyam Dadli və FES başçısının müavini məşhur iqtisadçı Stanli Fişerdir. İlk çıxışın yerli vaxtla saat 10:00-da C.Yellen tərəfindən Təmsilçilər Məclisinin Maliyyə Xidmətləri Komitəsində baş tutacağı gözlənilir.
Vaşinqtonda yerləşən "Macroeconomic Advisers" konsaltinq şirkətinin müdiri, FES-in sabiq əməkdaşı Laurens Meyer bildirib ki, sabahkı çıxışlar FES-in dekabr iclasında faizləri artırması üçün ehtimalları gücləndirməsi üçün çox böyük fürsət olacaq.
Qeyd edək ki, qızılın qiyməti iyulun 20-də 1 078 dollar/unsiyaya qədər gerilədikdən sonra ABŞ-da uçot dərəcəsinin artırılmasının ertələnməsi ilə oktyabrın 12-də 1 189 dollar/unsiyaya qədər artıb. Lakin FES-in son iclasında dekabrda faizlərin artırılması ehtimallarının güclənməsi nəticəsində hazırda qiymət 1 130 dollar/unsiyaya qədər geriləyib. "Report"un analitikləri hesab edirlər ki, qızıl FES-dən gələn xəbərlər fonunda 1 015-1 045 dollar/unsiyaya qədər enə bilər ("Report").
1083 dəfə oxundu