Azərbaycan polisi Aşura ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək.Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib. S. Bağırov bildirib ki, paytaxtda və bütün ölkədə Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin xüsusi tapşırığı var: “Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 24-ü paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək”.
Rəis müavini deyib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq: “Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, oktyabrın 24-də yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimlərin keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən lazımı qüvvələr ayrılıb. Mərasimlərlə əlaqədar bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.
1077 dəfə oxundu