"Elektrik qatarlarını daşa basan məktəblilər tutulub" - “Azərbaycan Dəmir Yolları”
Sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarları hərəkətə başlayıb və “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş yüksək komfortlu ikimərtəbəli elektrik qatarları sərnişinlərin istifadəsinə verilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəsi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bəzi vətəndaşlar özlərinin normalara sığmayan davranışı ilə elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.
19 oktyabr 2015-ci ildə saat 18.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı 2636-cı km-dən (Xırdalan - 10-cu blok post mənzilində) keçərkən iki naməlum şəxs kustar üsulla hazırlanmış daşatanla qatarı daşa basıb. Ərazidə xidmət edən DİN Nəqliyyatda Baş Polis İdarəsinin Baş Sumqayıt xətt polis bölməsinin əməkdaşları elektrik qatarının pəncərələrini daşlayanları saxlayaraq, bölmənin cinayət-axtarış qrupuna məlumat veriblər. Araşdırma zamanı məlum olub ki, saxlananlar Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsindəki 147 №-li Texniki Peşə Məktəbinin həyətində yaşayanlar - İmişli rayonunda anadan olmuş, Sumqayıt şəhər 42 №-li orta məktəbin VII sinif şagirdi Laçın Bilal oğlu Vəlizadə və Göyçay rayonunun İncə kəndində anadan olmuş Əmiraslan Kamil oğlu Məlikovdur.
Saxlanılanlar Nəqliyyatda Baş Polis İdarəsinin Baş Sumqayıt xətt polis bölməsinin cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Surxay Cəfərov tərəfindən dindirilərkən, hadisəni törətdiklərini, məqsədlərinin elektrik qatarının pəncərə şüşələrini sındırmaq olduğunu etiraf ediblər. Sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib. Hazırda faktla bağlı araşdırma aparılır: “Bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək”.
1265 dəfə oxundu