Şamaxıda hesabat toplantısı
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasındakı nitqindən irəli gələn vəzifələr bu gün Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasında müzakirə olunmuşdur.
İclasda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının və ümumtəhsil müəssisələrinin rəhbərləri, həmçinin ziyalılar iştirak etmişlər.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev respublikamızın bütün bölgələrində olduğu kimi, Şamaxıda da 2015-ci ilin 9 ayında ayrı-ayrı sahələr üzrə yüksək sosial-iqtisadi göstəricilər əldə olunduğunu bildirmiş, rayonda qarşıya qoyulmuş vəzifələrin icrasının əsasən təmin edildiyini vurğulamışdır. Qeyd etmişdir ki, cari ilin doqquz ayında rayonda 105,3 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 milyon manatdan və yaxud 3,8 faizdən çoxdur. Hesabat dövründə rayonda sənaye məhsulunun həcmi 3 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi 24,1 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 23,8 milyon manat təşkil etmişdir. Ötən doqquz ayda pərakəndə əmtəə dövriyyəsi 165,6 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 38,4 milyon manat olmuşdur. 2015-ci ilin doqquz ayında rayon üzrə 711 daimi iş yeri açılmışdır. 2003-cü ildən indiyə kimi rayon üzrə 11682 iş yeri yaradılmışdır ki, bunun da 9011-i daimi iş yeridir.
Diqqətə çatdırılmışdır ki, rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutur. Görülən tədbirlər nəticəsində bu ilin doqquz ayı ərzində bu sahədə 46,4 mln. manatlıq məhsul istehsal edilmişdir. 2015-ci ilin məhsulu üçün 21605 ha sahədə yazlıq və payızlıq əkinlər əkilmişdir ki, (keçən ilin müvafiq dövründən 2802.5 ha və yaxud 15 faiz çox) bunun 19680 hektarı strateji məhsul olan dənlilərdir. Əkilmiş dənlilərindən 43793.3 ton məhsul istehsal olunmuş, hər hektardan məhsuldarlıq 22.3 sentner olmuşdur.
Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlətimizin başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonumuzda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Üzümçülüyün inkişaf etdirilməsi məqsədi ilə Meysəri kəndi ərazisində 45 ha və İkinci Çaylı kəndi ərazisində 15 ha yeni üzümlüklər salınması məqsədi ilə plantaj şumu çıxarılmışdır. Fermerlərimiz tərəfindən ötən müddət ərzində yeni üzümlüklər salınaraq bu gəlirli sahə 1622.5 hektara çatdırılmışdır.
Rayon rəhbəri heyvandarlığın da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil etdiyini vurğulamış, bildirmişdir ki, bu ilin doqquz ayında rayonda heyvandarlıq inkişaf etmiş, keçən ilin müvafiq dövrü ilə müqayisədə təsərrüfatlardakı heyvanların sayı xeyli artmışdır. Həmçinin qeyd etmişdir ki, ölkədə ərzaq bolluğunun yaradılması məqsədilə rayonun Sabir qəsəbəsində Gilan Holdinq tərəfindən 1200 başlıq heyvandarlıq kompleksi, “Dolbat” və “Həzrətqulu” adlı qış otlaq sahəsində “Kürdəmir Süd Emalı” MMC tərəfindən 2000 başlıq heyvandarlıq kompleksinin inşasına başlanılmışdır. Bu da gələcəkdə süd və ət məhsullarının bolluğuna səbəb olacaqdır. Bundan əlavə həmin ərazidə taxılçılığın inkişafı məqsədi ilə 1000 ha sahədə yeni texnologiyalara əsaslanan suvarma üsulu ilə işlərə başlanılmışdır.
Rayon rəhbəri çıxışı zamanı qeyd etmişdir ki, cari ilin doqquz ayında tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir.
Rayonun Mədrəsə qəsəbəsində 380 yerlik tam orta məktəbin, 4 saylı 100 yerlik uşaq bağçası-körpələr evinin, 36 mənzilli şəhid və əlillər üçün nəzərdə tutulmuş binanın inşası davam etdirilmişdir. Bundan əlavə Şərədil kəndində 80 şagird yerlik tam orta məktəbində son tamamlama işləri aparılmış və DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şamaxı Regional Şöbəsi üçün nəzərdə tutulmuş binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Şəhərin müxtəlif küçələrinə 21 min kvadrat metr asfalt-beton örtüyü vurulmuş, penoplast üzlük materialı ilə üzlənmiş çoxmənzilli yaşayış binalarının və digər sosial obyektlərin üzlük materialları sökülmüş və fasadlarının suvanmasına başlanılmışdır. Ötən dövr ərzində rayonun kəndlərində də geniş abadlıq və yenidənqurma işləri aparılmışdır. Belə ki, Əngəxaran kəndinin girişində 500 metr məsafəyə bardur çəkilərək piyadalar üçün yeni səkilər salınmış, həmin ərazidə bütün evlərin fasad hissələri suvanaraq rənglənmiş, dam örtükləri yenisi ilə əvəz edilmiş, yeni küçə işıqları quraşdırılmış və mərkəzi yolun kənarına istinad divarı çəkilmişdir.
Çuxuryurd kəndində də yeni layhiyəyə uyğun abadlıq və yenidənqurma işlərinə başlanmışdır. Kənddə Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın ərazisində yerləşən mədəniyyət evinin fasad hissəsi və binanın dam
örtüyündə təmir işləri aparılmışdır. Kəndin mərkəzi küçəsində piyadalar üçün səkilərin yenidən çəkilməsinə başlanmışdır. Hazırda işlər sürətlə davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüş “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsinin ikinci mərhələsi çərçivəsində rayonun müxtəlif yaşayış məntəqələrində bir neçə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Bakı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində 18 min ədəddən çox ağac və gül kolları əkilmişdir. Hazırda həmin yaşıllıq və ağaclara lazımi qaydada aqrotexniki qulluğun göstərilməsi işləri davam etdirilir.
2015-ci ilin doqquz ayında rayon ərazisində yeni qazlaşma, təmir bərpa və əsaslı təmir işləri davam etdirilmişdir. Belə ki, ötən dövr ərzində rayonun Dağ Bağırlı, Nüydi, Saqiyan, Mərzəndiyə və Yenikənd kəndlərinə təbii qaz verilmiş və şəhərin 48a yeni yaşayış massivinin qazlaşdırılması başa çatdırılmışdır. Şirvan və Avaxıl kəndlərinin qazlaşdırılması işləri isə sürətlə davam etdirilir. Hazırda rayonun 41 yaşayış massivində 17515 abonent təbii qazla təmin olunur ki, bu da rayonda olan 20067 təsərrüfatın 87,4 faizini təşkil edir.
2015-ci ilin doqquz ayı ərzində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində rayonda ictimai-siyasi sabitlik davam etmişdir. Rayonda mütamadi qaydada aparılan bu və ya digər tədbirlər öz müsbət təsirini göstərməkdədir.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
1010 dəfə oxundu