İstehsalatda bədbəxt hadisələrin sayı 42,1 faiz azalıb - Nazirlik
Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 42,1 faiz azalıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirlərinin mühüm bir istiqaməti iş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib.
2015-ci ilin birinci yarımilində bu istiqamətdə dövlət nəzarəti tədbirləri gücləndirilməklə, eyni zamanda əməyin mühafizəsinə dair təbliğat-maarifləndirmə işləri davam etdirilib. İşəgötürənlərin əməyin mühafizəsinə diqqətinin artırılması üçün yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında “Təhlükəsiz iş aylığı” keçirilib.
Bu tədbirlər çərçivəsində işəgötürənlərin əməyin mühafizəsi ilə bağlı dolğun şəkildə məlumatlandırılması, habelə istehsalat qəzası risqi yüksək olan iş yerlərində əməyin mühafizəsi vəziyyətinin araşdırılaraq, aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq işlərin görülməsi təmin edilib. Həyata keçirilən tədbirlərin müsbət nəticəsi kimi, respublikada çoxsaylı iş yerlərinin açılması şəraitində istehsalat qəzalarının sayı azalmaqda davam edib. Belə ki, cari ilin yanvar-iyun aylarında DƏMX tərəfindən qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,1 faiz azalaraq 114-dən 66-a enib.
İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı isə 40 nəfərdən 20 nəfərədək, yəni 2 dəfə azalıb. Həmçinin bu hadisələr nəticəsində xəsarət alanların sayı 48,8 faiz azalmaqla 46 nəfər təşkil edib. Bununla yanaşı, ötən ilin ilk 6 ayında istehsalatla əlaqəli qrup halında 16 bədbəxt hadisə baş verdiyi halda, cari ilin birinci yarımilində belə hadisə qeydə alınmayıb. DƏMX tərəfindən iş yerlərində baş vermiş bədbəxt hadisələrlə əlaqədar qanunauyğun şəkildə təhqiqat aparılaraq, müvafiq tədbirlər görülüb
1164 dəfə oxundu