"Tarix elmimizə qarşı səlib yürüşünə çıxıblar"

"Tarix elmimizə qarşı səlib yürüşünə çıxıblar"


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu iyulun 10-da Təhsil Problemləri İnstitutunda orta məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələnin müzakirə edilməsinə dair məlumat yayıb. İnstitutdan Trend-ə verilən məlumata görə, müzakirə zamanı bundan sonra orta məktəblərdə “Azərbaycan tarixi”nin ayrıca fənn kimi tədris olunmayacağı bildirilib. Təklifə əsasən xalqımızın tarixi Tarix fənninin tərkibində, yəni Ümumi tarix və ya Dünya tarixinin tərkibində tədris olunacaq:

“Belə bir müzakirənin müstəqillik illərində qaldırılması və müzakirəyə çıxarılması dərin təəccüb və təəssüf hissi doğurur. Bu məlumatla tanış olarkən Sovet dövründə Azərbaycan tarixinin Diyarşünaslıq fənni tərkibində 24 saat həcmində tədris olunması, ağır mübarizələrdən sonra “Azərbaycan tarixi”nin o zaman müstəqil fənn kimi tədris olunmasına nail olduğumuz yada düşür. Sovet dövründə hətta, “Azərbaycan tarixi”nə ayrılan saatların “Ümumi tarix”ə ayrılan saatlar qədər olmasına da nail olunmuşdu. 1990-cı ildə isə üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi” proqramı da çap edilmişdi. Özü də, həmin proqram 1990-cı ildə Fövqəladə Vəziyyət günlərində çap olunmuşdu. Vətənin bir hissəsinin işğal olunduğu şəraitdə ölkədə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması ideyası kimin ağlına gəlib?! Fikrimizcə, “Azərbaycan tarixi” orta məktəblərdə ayrıca fənn kimi mütləq tədris olunmalıdır. “Azərbaycan tarixi”nin ləğvinə yol vermək olmaz!”.

Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov iddiaların həqiqətə uyğun olmadığını söyləyib:
“Bunlar kiminsə subyektiv fikirləri ola bilər. O məlumatları institutun rəsmi məlumatı kimi qəbul etmək olmaz. Çünki institutda bu məsələ ilə bağlı rəsmi müzakirələr aparılmayıb. Kimsə deyə bilər ki, hansısa fənn birləşsin, amma heç bir qərar yoxdur”.
Məsələyə münasibət bildirən Tarix elmləri namizədi Kərəm MƏMMƏDOV AİM.Az-a açıqlamasında vurğulayıb ki, ərazisindən asılı olmayaraq hansısa ölkə müstəqillik qazanıbsa, onun tarixi mütləq tədris olunmalıdır:

“Tarixi şəxsiyyətlər içərisində məşhur olan Napaleon Bonapartın yaxşı bir kəlamı var. O deyirdi ki, öz ordusunu yedirtməyən xalq, yad ordunu yedirtməlidir. İndi öz tarixini öyrənməyən xalq məcburdu ki, başqa xalqların tarixini öyrənsin. Müstəqil olan xalq öz tarixini öyrənməlidir və başqalarını da öyrətməlidir. Hətta bəyənmədiyimiz Sovet rejimi illərində Azərbaycan Sovet Sosialist Respublikası nominal da olsa, müstəqil ölkə sayıldığından onun məktəblərində Azərbaycan tarixi həftədə bir dəfə tədris olunurdu. Üstəgəl, onun ayrıca dərsliyi vardı. Müstəqil Azərbaycanda bu ölkənin tarixi keçirilməyəcəksə, buna nə ad vermək olar? Yəni tariximiz dünya tarixinə yamaq kimi tədris olunacaqsa, biz hansı gənclik, hansı vətənpərvərlik və hansı milli duyğulardan söhbət aça bilərik? Azərbaycan müstəqil ölkədir və onun tarixi tədris olunmalıdır”.

Tarixçi alim Dilavər Əzimli də söyləyib ki, bu gün tarix elmimizə qarşı səlib yürüşünə çıxıblar: “Saatlar ildən-ilə azalır. Biz təhsil alanda Qədim dünya tarixi iki il keçirilirdi. Bir il Şərq tarixi, bir il də antik tarix. İndi Şərq tarixi ilə antik tarixi cəmi üç aya keçirlər. Ali məktəblərdə Azərbaycan tarixinin saatları olduqca aşağı endirilib. Bu əslində, tariximizə qarşı ən böyük cinayətdir. Ölkə ictimaiyyəti buna münasibət bildirməli və sözünü deməlidir. Vaxtilə Türkiyədə aparılan eksperiment indi burada aparılır. Hazırda okeanın o tayından paralar alan və onların quyruqbulayanı olanlar bu ölkənin tarixi ilə oynamasınlar. Bu Azərbaycan tarixidir və Azərbaycan xalqı da onu qoruyacaqdır!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...