Polis işçilərinin peşə bayramı günü tədbiri Tərtərdə - Fotolar

Polis işçilərinin peşə bayramı günü tədbiri


İyulun 2-də Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir Gənclər Mərkəzində davam etmişdir. Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər salmış, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibəti ilə bütün polis işçilərini təbrik etmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanlarının oynadığı rol danılmazdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır”. Müstəqillik illərində Azərbaycan polisinin qısa zaman kəsiyində fədakar yol keçməsi və qanun pozucularına qarşı barışmaz mübarizə aparması ümummilli liderimizin polis orqanlarının fəaliyyətinə belə yüksək qiymət verməsinə əsas yaratmışdı. Ölkə daxilində hakimiyyət uğrunda aparılan mübarizənin doğurduğu vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü yeni müstəqillik qazanmış respublikanı fəlakətə sürükləyirdi. Vətənin belə ağır anında ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş qarşıdurmasına son qoymağa, ölkədə sabit inkişafın əldə olunmasına imkan verdi. Həyata keçirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələndi. Müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atıldı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradıldı, nazirlik sistemində günün tələblərinə cavab verən yeni qurumlar təsis edildi. Həyata keçirilmiş islahatlar nəticəsində də ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə start verildi, vətəndaşlarımızın dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradıldı. İctimai-siyasi sabitliyin yaradılması da milli iqtisadiyyatın inkişafına, xarici sərmayədarların Azərbaycana maraq göstərmələrinə təkan verdi. 1994-cü il sentyabrın 20-də böyük neft şirkətlərinin iştirakı ilə “Əsrin müqavilə”sinin imzalanması ölkənin böyük tərəqqi yoluna çıxmasını təsdiqləməklə yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycanda ictimai-siyasi sabitliyin bərpasına yönəlmiş hərtərəfli islahatlardan qaynaqlanan bəhrələrin də təntənəsi idi.

Bu günlərdə bütün dünya Azərbaycanın növbəti uğuruna şahidlik edir. Belə ki, ölkəmiz Avropa xalqlarının tarixində ilk dəfə keçirilən “Bakı-2015" Oyunlarına ev sahibliyi edir. 50 ölkədən 6 mindən artıq idmançının qatıldığı Oyunlara hazırlığın yüksək səviyyədə aparılmasında, əlbəttə ki, daxili işlər orqanlarının əməkdaşlarının da böyük əməyi olmuşdur. On minlərlə xarici vətəndaşın ölkəyə gəlməsi də hüquq-mühafizə orqanları tətəfindən təhlükəsizlik tədbirlərinin görülməsinə zərurət yaratmışdı. İlk Avropa Oyunlarının rəsmi açılış mərasiminin yüksək təhlükəsizlik şəraitində keçməsi, sərnişinlərin və qonaqların daşınması məsələsində tətbiq olunmuş qaydaların dəqiq işləməsi Daxili İşlər Nazirliyi əməkdaşlarının vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini bir daha təsdiqləmiş oldu. Oyunların keçirildiyi idman obyektlərində təhlükəsizliyin təmin olunmasında müşahidə olunan yüksək səviyyə də daxili işlər orqanları əməkdaşlarının mühüm tədbirə peşəkarcasına hazırlaşmasından xəbər verir.

Tədbirdə iştirak edən rayon prokroru, baş ədliyyə müşaviri Azər Hətəmov, MTN-nin rayon şöbəsinin rəisi Anar Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər Rayon Şöbəsinin rəisi, polkovnik Rafiq Qədirov çıxış edərək 96 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirdilər.

Sonra rayon polis şöbəsi rəisinin şəxsi heyyətlə iş üzrə köməkçisi, polis polkovnik leytenantı Nəbi Məmmədov daxili işlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxumuşdur.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və rayon Polis şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qrup polis işçisinə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.


Polis işçilərinin peşə bayramı günü tədbiri
Polis işçilərinin peşə bayramı günü tədbiri
Polis işçilərinin peşə bayramı günü tədbiri
Polis işçilərinin peşə bayramı günü tədbiri



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...