Tərtərdə milli qəhrəman Vəzir Orucovun adını daşıyan küçənin açılışı olub FOTOLAR
Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilmişdir.
Bu münasibətlə iyunun 26-da rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açmış. Bildirmişdir ki, Vəzir Orucov 1956-cı il dekabr ayında rayonun Xoruzlu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş, bir il sonra hərbi xidmətə çağırılmış, hərbi xidmətdən sonra təhsilini davam etdirmişdir. 1982-ci ildən 1992-ci ilə qədər Rusiyanın Arxangelsk vilayətində yaşamışdır. Dağlıq Qarabağ hadisələri başlayan zaman Vəzir Azərbaycana qayıdır, “Tərtər” Özünümüdafiə Batalyonuna daxil olur. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. 1993-cü il yanvarın axırında o, tam sağalmasa da yenidən cəbhəyə qayıdır. Ağdərədə gedən döyüşlərdə cəsurluq göstərmiş, qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olmuşdur. Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Ölümündən 2 gün sonra 24 mart tarixdə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidin məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Vəzir Orucov döyüşçülərin mənəvi silahı idi.
Sonra rayon rəhbəri Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını dilə gətirmiş, bildirmişdir ki, bu yaxınlarda şəhid ailələri və müharibə veteranlarının istifadəsinə 6 mərtəbəli 54 mənzilli yaşayış binası verilmişdir. 54 ailə Qurtuluş günündə yeni mənzillərə köçmüşdür.
Şəhid adını daşıyan 3 küçədə abadlıq işləri aparılır, bu yaxınlarda daha 3 küçənin-Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovunda adları verilmiş küçələrin açılışı olacaqdır.
Tədbirdə iştirak edən Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri, Vəzir Orucovun döyüş yoldaşı Suliddin Yusifov, Tərtər batalyonunun keçmiş qərargah rəisi, II qrup Qarabağ Müharibəsi əlili, Vəzir Orucovun döyüş yoldaşı Pənah Məmmədov, 703 saylı hərbi hissənin gənc leytenantı Etimad Qəhriyev, “Əsgər ailələrinə yardım” İctimai Birliyinin sədri Mətanət Əsgərova, “Müharibə Veteranı Qadınlarına Yardım” İctimai Birliyinin sədri Radə Abbas çıxış edərək ölkəmizdə Milli Qəhrəmanlara, o cümlədən ərazi bütövlüyümüz uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışmışlar.
Milli Qəhrəmanın anası Mahı Orucova, qardaşı Dadaş Orucov çıxış edərək Vəzir Orucovun xatirəsinə göstərdikləri ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra mərasim iştirakçılarının alqış sədaları altında rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Vəzir Orucovun anası Milli Qəhrəmanın adını daşıyacaq küçəyə vurulmuş barelyefin üzərindən ağ örtüyü götürmüşlər.
2514 dəfə oxundu