Tərtərdə 23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı qeyd edilib Fotolar
23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı münasibəti ilə rayonun dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir. Tədbirdə 120 nəfər dövlət qulluqçusu iştirak etmişdir. Tədbir dövlət qulluqçularının birlikdə oxuduğu Azərbaycan Respublikasının himni ilə açılmışdır.
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını bayram münasibəti ilə təbrik edərək çıxış etmişdir. Rayon rəhbəri öz çıxışında qeyd etmişdir ki, müstəqil respublikamızın hər yerində olduğu kimi neçə illərdir ki, rayonumuzda da Dövlət Qulluqçularının Peşə Bayramı təntənə ilə qeyd olunur. Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dövlət quruculuğunun rolu və BMT Baş Məclisinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı günü elan olunmuşdur. Bu əlamətdar tarix Dövlət qulluqçularının, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.
Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra yaranmağa başlamışdır.
Ulu öndərin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Konstitusiya respublikamızın dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit etdi. Konstitusiyanın 7-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkili və qanunvericilik hakimiyyəti Milli Məclis, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti, Məhkəmə hakimiyyəti isə məhkəmələr tərəfindən həyata keçirilir. Hər üç hakimiyyət qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
1996-cı ildə Prezidentin sərəncamı ilə Hüquqi İslahat Komissiyası təşkil olunmuşdur. Həmin komissiya bir neçə normativ-hüquqi aktlar hazırlamışdır. Bu qanunvericilik aktların böyük bir qismi dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, Dövlət Qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəldilmişdir.
2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı 23 qanun, 26 fərman, 12 sərəncam imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis edilmiş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda əhatə olunmuşdur.
“Dövlət qulluğu haqqında” qanun qəbul edildikdən sonra, onun təkmilləşdirilməsi üçün dəyişikliklər və əlavələrdən ibarət 11 qanun qəbul edilmişdir.
Hazırda dövlət qulluqçularına qarşı tələbkarlıq yüksəlmiş, məmurların mənəvi saflığı, dövlətçiliyə sədaqəti, vətənin mənafeyini hər şeydən üstün tutması əsas meyara çevrilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qulluqçusunun vəzifəsinin nədən ibarət olduğunu dəqiq ifadə edərək demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq.”
Cənab Prezidentin tələbi odur ki, dünyanın ən yüksək standartları gərək Azərbaycanda tətbiq edilsin, çünki ölkəmizin böyük iqtisadi potensialı, təbii sərvətləri, ən başlıcası isə zəngin insan resursları vardır.
Dövlət qulluqçularının Peşə bayramı günündə onu qeyd etmək lazımdır ki, bu sahədə aparılan islahatlar nəticəsində dövlət qulluqçularının sayı xeyli artmışdır. Rayonumuzun ayrı-ayrı müəssisələrində-rayon icra hakimiyyətində, İƏD üzrə nümayəndəliklərdə, təhsil sahəsində, Gənclər və İdman idarəsində, Maliyyə idarəsində, ƏSMM-da, DSMF-də, Statistika idarəsində, mədəniyyət sahəsində 248 dövlət qulluqçusu işləyir. Onlardan 55 nəfəri qadındır. 224 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. 220 nəfər inzibati, 28 nəfər isə yardımçı dövlət qulluğu vəzifələrində çalışır. Onlardan 2 nəfəri- Tərtər Rayon İcra Hakimiyyəti başçısının I müavini Ramiz Şabanov və hal-hazırda təqaüddə olan II dərəcəli dövlət qulluşçusu Vaqif Məmmədov “Tərəqqi” medalı ilə, 3 nəfər- Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Tofiq Kərimov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin sabiq müdiri, mərhum Cavanşir Məmmədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Tofiq Hüseynov isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər. Respublika Prezidenti İlham Əliyevin dövlər qulluqçularına göstərdiyi diqqət və qayğıdan danışarkən rayon rəhbəri bildirmişdir ki, dünən rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ramiz Mustafayev Respublika prezidentinin sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə” görə medalla təltif edilmişdir. Rayon rəhbəri R.Mustafayevi təbrik edərək ürək sözlərini bildirmək üçün ilk sözü ona vermişdir.
R.Mustafayev sevincini tədbir iştirakçıları ilə bölüşərək respublika prezidenti cənab İlham Əliyevə dövlət qulluqçularına göstərdiyi diqqət və qayğı üçün öz minnətdarlığını bildirmiş, bundan sonra da dövlətə, dövlətçiliyə sədaqətlə qulluq edəcəyinə söz vermişdir.
Sonra rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov, ƏSMM-nin rayon şöbəsinin direktor müavini Həcər Xeyri, rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Surxay Mirzəyev, İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov çıxış edərək başda möhtərəm prezidentimiz İlham Əliyev olmaqla bütün dövlət qulluqçularını təbrik etmişlər.
Sonra rayon rəhbəri tərəfindən rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fərqlənən bir qrup dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırmışdır.
1330 dəfə oxundu