Azərbaycan Ai-92 markalı benzinin idxalını dayandırıb
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) neft məhsullarının istehsalı prosesi bərpa olunub və avqustun ortalarından ölkəyə gətirilən Ai-92 markalı avtomobil benzinin müvəqqəti idxalı dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, ötən müəddət ərzində ölkəyə 30 min ton Ai-92 markalı avtomobil benzini gətirilib.
"Azərbaycanda benzin çox ucuzdur. Qiymət o qədər aşağıdır ki, hətta vergilər götürülsə belə xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Biz zavod təmirə dayanan zaman tələbatın ödənilməməsindən ehtiyat etdik. Ona görə də hökumətdən aksiz vergisi və gömrük rüsumunda dəyişiklik edilməsi barədə xahiş etdik. Amma vergilər götürülməklə belə bu bizə bir neçə milyon zərər vurub. Ölkədə tələbatı tam ödədik, heç bir çatışmazlıq olmadı və benzin isehsal olunmaması hiss olunmadı", - deyə R.Abdullayev əlavə edib.
Xatırladaq ki, Heydər Əliyev adına BNEZ-də avqustun 1-dən cari təmir işlərinə başlanılıb. Dünən isə SOCAR-ın yaydığı məlumata görə, zavod artıq istehsalı bərpa edib.
Adətən 25-30 təqvim günü davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınaraq daxili bazardakı tələbatı ödəmək məqsədi ilə SOCAR Nazirlər Kabinetinə idxal olunacaq Ai-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsinə dair müraciət etmişdir.
Nazirlər Kabineti də "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli və "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib. Aksiz vergisi ilə bağlı dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata, 92 oktanlı benzin üçün gömrük rüsumu isə 15%-dən 0%-ə endirilib.
799 dəfə oxundu