"Çinar" şokaladının sahibi bəlli oldu - məhkəmə qərarı
Azərbaycanın məşhur şirniyyat brendi olan «Çinar» şokoladları uğrunda 2 ildən artıq davam edən mübarizə «Gəncə-Qənnadı» ASC-nin qələbəsi ilə nəticələnib. Qeyd edək ki, hələ sovet dövründə buraxılan məşhur şokolad markası uğrunda «Gəncə-Qənnadı»nın rəqibi «Veysəloğlu» şirkəti idi.
Qeyd edək ki, «Gəncə-Qənnadı» fabriki “Çinar” şokoladlarını 1975-ci ildən istehsal edir. “Çinar” şokoladlarının istehsal hüququ “Gəncə-Qənnadı” fabrikində olduğu halda, “Veysəloğlu ” şirkəti də 2006-cı ildən bu adla məhsul buraxmağa başlayıb. “Gəncə-Qənnadı”şirkətinin idarə heyətinin sədri Mahir Abdullayev fins.az-a bildirib ki, fabrik məsələ ilə bağlı bir neçə dəfə «Veysəloğlu»ya müraciət edib şokolad istehsalını dayandırmağı tələb etsə də, qarşı tərəf buna əməl eləməyib.
Əksinə, nə qədər qəribə olsa da, «Veysəloğlu» şirkəti özü, guya «Gəncə-Qənnadı» tərəfindən hüquqlarının tapdandığını əsas gətirərək (Çünki «Çinar»ı Gəncə fabriki də buraxırdı) qarşı tərəfi məhkəməyə verib. Şirkət «Gəncə Qənnadı»dan «Çinar» istehsalını dayandırmağı və üstəlik, 100 min manat təzminat tələb edirdi.
İddia ilə bağlı proses Gəncə Ərazi İqtisad Məhkəməsindən başlayaraq Ali Məhkəməyə qədər 7-8 məhkəmədə, eləcə də aidiyyatlı dövlət qurumları, o cümlədən Standartlaşdırma Komitəsinin şurası daxil olmaqla, ümumilikdə 10 dəfə müzakirə edilib. İş o yerə çatıb ki, «Çinar» şokoladının ilk dəfə «Gəncə Qənnadı»da istehsal olunduğunu sübut etmək üçün «Çinarı» ilk dəfə istehsal edən qənnadı işçilərinin pasportları da məhkəməyə təqdim edilib. Bütün instansiyalarda «Gəncə Qənnadı» haqlı sayılıb, «Veysəloğlu»nun iddiası əsassız hesab edilir. «Veysəloğlu» məhkəmədə qalib gələ bilməsə də, onların bu davranışı, «Gəncə Qənnadı»ya yaxşı ideya verib. Bu dəfə «Gəncə Qənnadı» qarşı tərəflə məhkəmə çəkişməsinə başlayır. Şirkət 2014-cü ilin noyabr ayında «Veysəloğlu»nu məhkəməyə verir.
Məhkəmə iddiasında «Veysəloğlu»ya bu adda məhsul istehsal etməyi qadağan edilməsi, eləcə də indiyədək dəyən zərərə görə, 50 min manat təzminat ödənilməsi tələb edilirdi. Bir neçə məhkəmə prosesindən sonra nəhayət, 2014-cü ilin iyul ayının 1-də Ali Məhkəmə “Veysəloğlu” və digər şirkətlərə «Çinar» adı ilə məhsul istehsal etməyə qadağa qoyub. Yeri gəlmişkən, M.Abdullayevin sözlərinə görə, “Veysəloğlu-Yaycılı-Qardaşlar” («Veysəloğlu»nun tam adı belədir) şirkəti “Çinar” adını Madriddə patentləşdirərək bu adla xaricə məhsul çıxarmağa çalışıb. Amma məhkəmənin qərarı ilə bunun da qarşısı alınıb. Amma dəyən maddi və mənəvi ziyana görə təzminatın ödənilməsi prosesi 2 il uzanıb. Nəhayət, ötən həftə Bakı Apellasiya Məhkəməsi «Veysəloğlu» şirkəti tərəfindən «Gəncə-Qənnadı»ya 20 min maddi və 5 min manat mənəvi ziyana görə ümumilikdə 25 min manat təzminatın ödənilməsi ilə bağlı qərar çıxarıb.
Bundan narazı qalan «Veysəloğlu» Ali Məhkəməyə müraciət etsə də, Ali Məhkəmə qərarı qüvvədə saxlayıb. Yəni, “Veysəloğlu” 25 min manatlıq təzminatı ödəməli olacaq.
1359 dəfə oxundu