“Hər anımız Vətən deyir” - Tərtərdə möhtəşəm tədbir - FOTOLAR
Tərtər şəhərində Müdafiə Nazirliyinin Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirdiyi “Hər anımız Vətən deyir” adlı kütləvi hərbi şöhrət bayramı ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrildi. Tədbirdə rayon ictimaiyyətinin aprel ayının əvvəllərində qoşunların təmas xəttində şücaət göstərmiş hərbi hissələrin nümayəndələri, eləcə də Tərtər rayonundan olan hərbi qulluqçular, döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, gənclər iştirak etdilər.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, xalqla ordunun monolit birliyindən, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan danışdı, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirdi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək bildirdi ki, aprel ayının 24-də “Hər anımız Vətən deyir” adlı hərbi şöhrət bayramının Qəhrəman Tərtərdə keçirilməsi hər kəsi ürəkdən sevindirir. Çünki Tərtər döyüşən şəhər, alınmaz qaladır. Tədbirə qatılanlar elə bu axşam özləri şahid oldular ki, ordu və xalq birliyi möhkəmdir, düşmənin təxribatlarına layiqli cavablar verilir. Biz həm döyüşür, həm işləyirik. Döyüşlər gedə-gedə yol çəkirik, təmir işləri aparırıq, kənd təsərrüfatı işləri ilə məşğul oluruq.
Tərtərlilər bir an belə öz ev-eşiyini tərk etmir, əsgərlərimizə dəstək olurlar.
İnanırıq ki, tezliklə möhtərəm Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Bayrağı işğal altında olan torpaqlarımızda dalğalanacaqdır. Azərbaycanın Milli Ordusu bunu 1-5 aprel tarixlərində bir daha sübut etdi.
Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, incəsənət ustaları hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim etdilər. Tərtərlilər tədbirdə böyük coşqu ilə iştirak etdilər. Birbaşa ön cəbhədən, təmas xəttindən gələn zabit və əsgərləri hərarətlə qarşıladılar. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tərtərlilərə göstərdikləri mənəvi dəstəyə görə öz minnətdarlığını bildirdi. Mahnı sədaları altında Qarabağ müharibəsi veteranları, əlillər, şəhid ailələri hərbiçilər bir araya toplaşdılar. Bir fikir vurğulandı: “Torpağa qan qarışanda Vətən olur. Şəhidlər ölməz, Vətən bölünməz. Döyüşən Tərtərdə hər anımız Vətən deyir”.
1267 dəfə oxundu