Ət idxalında KƏSKİN ARTIM – Qiymət UCUZLAŞACAQ?

Ət idxalında KƏSKİN ARTIM –


Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41,4 min ton ət idxal edib. Məhsulun ümumi dəyəri 90,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 11,2 min ton (36,9 %), dəyər baxımından isə 30,4 milyon ABŞ dolları (50,5 %) çoxdur.

Bəs, ət idxalına ayrılan vəsaitin 50 faiz artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, bunun əsas səbəbi diri heyvanların deyil, təmiz ətin idxal olunmasıdır:

“Əvvəlki illərdə ölkəyə daha çox diri heyvanlar idxal edilirdi. Onların kəsimi burda həyata keçirilirdi. Bu da daxili istehsal kimi göstərilirdi. İndi isə ölkəyə diri heyvan idxalı azalıb, təmiz ət idxalı artıb. Əvvəl bu rəqəm 30 min ton idi, indi 41 minə çatıb. Əsas səbəb budur. Ötən il 9 ay ərzində il 60 milyon dollarlıq ət idxal edilmişdi. İndi 90 milyondan çoxdur”.

“Bəs, bunun daxili bazarda ətin qiymətinə təsiri olacaqmı” sualına ekspert belə cavab verib:

“Əslində, bu, ətin qiymətini aşağı salmalıdır. İdxal olunan donmuş təmiz ətin dəyəri 2 dollar 20 sent, yəni 3 manat 70 qəpikdir. Ona görə də bu, bizim daxildə ətin qiymətinə təsir eləməlidir. Amma etmir. Ona görə ki, ət idxalı inhisardadır. Təəssüf ki, xaricdən ucuz idxal olunsa da, daxildə satışı yüksək təşkil olunur. Ona görə də, biz son vaxtlar ətin qiymətinin artdığını görürük. Dövlət Statistika Komitəsi də açıqlayıb ki, son ayda ətin qiyməti 1,7 faiz artıb”.

Ekspertin fikrincə, bunun da başlıca səbəbi ölkənin təmin olunacaq qədər həcmdə ətin istehsal olunmamasıdır:

“Bunun üçün heyvandarlığın inkişafı vacibdir. Heyvandarlığın inkişafı üçün isə ən vacib məsələ isə yem bazasının gücləndirilməsidir. Hələ 2008-ci ildə ölkədə 2 milyon 500 min tona yaxın qüvvəli yem istehsalının təşkili ilə bağlı dövlət proqramı vardı. Amma indi bu 100 min ton, yəni tələbatdan 25 dəfə də az qüvvəli yem istehsal olunur. Tələbatımız 10 milyondan çox, istehsal isə 4, 7 milyon tondur. Kəsəsi, yem bazası zəif olduğu üçün biz təlabatın yalnız 47 faizini daxili istehsal hesabına təmin edə bilirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
187 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...