Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
Dövlət himni səsləndirilib. Sonra Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını təbrlk edərək, onlara öz işlərində uğurlar, həmişə dövlətə və dövlətçiliyə sadiq olmağı arzulayıb. Rayon rəhbəri bildirib ki, 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Bu gün Azərbaycanın sürətlə inkişaf edərək beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməsinin, mühüm regional faktora çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin dövlət idarəetmə sistemində reallaşdırdığı islahatlar dayanır. Prezident İlham Əliyevin bu islahatları daha da genişləndirərək davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır.
Azərbaycanda dövlət qulluğu sahəsində reallaşdırılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb.
Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır.
Prezident, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz Ermənistanın 30 illik işğalına son qoyduqdan sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Həmin reallıqlardan biri də işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının tətbiqidir. Belə ki, həmin ərazilərdə dövlət başçımızın 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edildi. Bununla Azərbaycanda dövlət idarəçiliyi sahəsində yeni bir idarəetmə formasının tətbiqini nəzərdə tutan mərhələnin əsası qoyuldu. Bu idarəetmə formasının da əsasını dövlət qulluğu təşkil edir.
Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanlar mütəmadi şəkildə dövlət mükafatları ilə təltif olunur.
Tərtər rayonunda 198 nəfər dövlət qulluqçusu vəzifəsi var. Onun 183-ü inzbati, 15-i yardımçıdır. Dövlət qulluğunda çalışanların 41 nəfəri qadın, 42 nəfəri isə gənclərdir. 198 nəfər dövlət qulluqçusunun 197 nəfərinin ixtisas dərəcəsi var.
Əmək stajı 1 ilədək olan dövlət qulluqçusu 5, 1 ildən 5 ilədək 54, 5 ildən 10 ilədək 37, 10 ildən 15 ilədək 32, 15 ildən yuxarı olanlar isə 70 nəfərdir.
Tədbirdə rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov, İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov, Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova çıxış ediblər. Onlar dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik edib, hər birinə cansağlığı, uzun ömür, ailə səadəti arzulayıb, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna, İƏD üzrə nümayəndəliyin kollektivinə fəxri fərman və təşəkkürnamə təqdim edilib.
284 dəfə oxundu