"Sədərək" Ticarət Mərkəzində neçə sahibkara ziyan dəyib ? - Kəmaləddin Qədim açıqladı

"Sədərək" Ticarət Mərkəzində neçə sahibkara ziyan dəyib ? -
"Məlum olduğu kimi, bir neçə gün əvvəl güclü yağışlar yağdı və bu yağışlar nəticəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzini və Binə Ticarət Mərkəzini su basdı. Nəticədə mağazaların fəaliyyəti dayandı, sahibkarlara çoxlu ziyan dəydi. Bu çox ciddi bir siqnal idi, həm rəhbərliyə, həm də ölkəmizə bir xəbərdarlıq kimi qəbul olundu. Az müddətdə Sədərək Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən ciddi işlər görülməyə başlandı. Çünki qarşıdan payız- qış mövsümü gəlir, belə təbiət hadisələri tez-tez baş verə bilər. Düşünürəm ki, son ayda baş verən iki leysan yağışı bizə bir ibrət olmalıdır və hazırlıqlı olmalıyıq. Baş verənlərdən dərs çıxartıq və artıq ciddi işlər görülməyə başlanılıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında “Sədərək” TM-in Mətbuat Xidmətinin rəhbəri Kəmaləddin Qədim deyib.
K.Qədim bildirib ki, güclü yağışdan sonra burada komissiya yaradıldı: "Komissiya sahibkarlarla əlaqə saxladı, onlara dəymiş zərərə müəyyənləşdirildi. Zərər çox ciddi deyildi, qismən zərər dəymişdi. 200-ə yaxın sahibkara zərər dəyib, onlara kompensasiya ödənilməsi ilə bağlı işlər aparılır. Xüsusi briqadalar bütün mağazaları təmizlədilər. FHN-nin əraziyə cəlb olunmuş qüvvələri suyun çəkilməsində ciddi fəaliyyət göstərdilər. Demək olar ki, su qısa müddətdə quruduldu və sahibkarlar tez bir zamanda yenidən fəaliyyətə başladılar. Güclü keçən birinci yağışdan sonra da mağazalar bu cür zərər görmüşdü. Həmin yağışlardan sonra "Sədərək" Ticarət Mərkəzində yağış suları üçün iki anbar tikilib istifadəyə verildi. Həmin anbarlar fəsadın qarşısını almaqda xeyli yardımçı oldu. Bunu da vurğulayım ki, yağış hadisəsinə qədər Sədərək Ticarət Mərkəzində 24 bu tipli su anbarı mövcuddur və son iki su anbarı da ona əlavə edildi. Beləliklə su anbarlarının ümumi sayı 26-a çatdı. İkinci yağışdan sonra 5 yeni su mühərriki alınıb. Bunlardan biri saatda 1000 ton, 4-ü isə saatda 300 ton su çəkə biləcək. Qeyd edək ki, əvvəlcədən də 20 su mühərriki mövcud idi. Hazırda ümumi su mühərriklərinin sayı 25-dir".

K.Qədim onu da əlavə etdi ki, Sədərək Ticarət Mərkəzinin ən böyük ərazilərindən biri "Şirniyyat" deyilən ərazidir və orada da yağış su xətləri gücləndirilib: "Belə ki, 500-600-lük su boruları atılıb. Bu da ciddi fəsadların qarşısını alacaq. Hazırda "Elit" deyilən ərazidə də ciddi işlər həyata keçirilir. 400-500-lük yağış su boruları çəkilir ki, bu borular da gələcəkdə yağışdan yarana biləcək fəsadların qarşısını almaqda kömək edəcək. Həmin əraziyə əlavə olaraq yağış sularını çəkmək üçün yeni bir nasosxana da tikilməyə başlayıb. Bu da böyük ərazi olan "Elit"in yağış sularından xilas olmasında rol oynayacaq".

Dəymiş zərərin araşdırıldığını deyən Kəmaləddin Qədim zərərçəkənlərə müəyyən dəstək, köməklik göstəriləcəyini qeyd edib: "Ticarət Mərkəzi rəhbərliyi tərəfindən yaradılmış kommissiya bu gün də öz fəaliyyətini davam etdirir. Ərazidə ciddi təmir işləri həyata keçirilir. Mağazaların damlarında olan çatlar, problemlər bərpa olunur. Bir daha vurğulayıram ki, qarşıdan qış ayları gəlir və bu həyata keçirilən tədbirlər gələcəkdə bu kimi hallarda baş verə biləcək zərərin qarşısını alacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...