Taleh Bağırovun məhkəməsi təxirə salındı
Barəsində həbs qətimkan tədbiri seçilmiş "Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə yanvarın 6-da keçirilməli olan məhkəmə təxirə salınıb. Arqument.Az xəbər verir ki, bu barədə T.Bağırovun vəkili Cavad Cavadov məlumat verib. Vəkil bildirib ki, məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
T.Bağırovun iddiasına yanvarın 6-da baxılmalı idi. Prosesə sədrliyi hakim Babək Pənahov edəcək. Bağırov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində T.Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti təmin edilməyib. (Report)
1060 dəfə oxundu