Prezident elektron mediaya dəstək verəcəkmi?
KİV rəhbərləri İlham Əliyevə müraciət edəcək
Son devalvasiyadan sonra Azərbaycanda bir çox iş sektoru ilə yanaşı, media sektoru da zədələndi və faktiki olaraq, zərərçəkən vəziyyətinə düşdü. Belə bir məqamda göz önünə ilk gələn yazılı mətbuatın varolma qaynaqlarından biri kimi KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) yazılı mediaya gələn yardımla bağlıdır. Belə məlum olur ki, gələn ilin büdcəsində prezident yanında KİVDF vasitəsilə mətbuata veriləcək məbləğlərin üzərinə hər hansı əlavə olunmayacaq.
İndiki kritik məqamda başqa bir fraqment də yada düşür. İyulun 22-dəki Milli Mətbuat Günündə media nümayəndələrinin Azərbaycan prezidenti ilə görüşündə bir məqam səsləndirildi. Prezident çıxışında çap mediası ilə yanaşı, öndə gələn saytlara da dövlət dəstəyinin verilməsinin vacibliyini qeyd etdi, yeni saytların və elektron media quruluşlarının yaradılmasının əhəmiyyətindən danışdı. Lakin görüşdən sonra media tərəfdən hər hansı cəhdlər olmadı; hakimiyyət düşərgəsindən də qarşılıqlı addımlar atılmadı; prezidentin təşəbbüsünü media sektoru üçün faydalı nəticələrə çevirmək imkanı əldən verildi.
“Yeni Müsavat” qısa bir araşdırma nəticəsində öyrəndi ki, gələn ilin dövlət büdcəsində KİVDF-yə saytlara dəstək veriməsi məqsədi ilə hər hansı vəsait ayrılmayıb. Mətbuat Şurasının İdarə Heyəti üzvlərindən biri (o, həm də KİV rəhbəridir) müxbirimizə söylədi ki, burada mürəkkəb heç nə yoxdur. Belə ki, ölkə prezidenti onsuz da kifayət qədər böyük vəsaitə sərəncam verir. Prezidentin Ehtiyat Fondu da var: “Biz təklif etməyə hazırlaşırıq ki, prezident öz fondundan elektron media üçün müəyyən bir vəsait ayırsın. O vəsait vasitəsilə Azərbaycanın öndə gedən saytları son devalvasiya nəticəsində bağlanma və kiçilmə təhlükəsini arxada qoysunlar, inkişaf edə bilsinlər”.
Müsahibimiz dedi ki, ümumiyyətlə, prezidentin Milli Mətbuat Günündə medianın inkişafı adına ortaya atdığı ideya və dəstək çağırışları olduqca müsbətdir: “Bu təşəbbüslər həyata keçsə, media sektoru ilə bərabər Azərbaycanın informasiya şəbəkəsinin və məkanının da güclənməsinə xidmət edə bilər. Lakin təəssüf ki, bir günah da bizdə oldu. Biz lazım olan vaxt zəruri addımları atmadıq, təklifləri ümimiləşdirmədik. İndiki vəziyyətdə isə bu, olduqca aktualdır. Biz bu çağırışları yenidən aktuallaşdırıb, qərara almışıq ki, elektron mediaya dəstək verməsi üçün prezidentə müraciət edək. Bilirsiniz ki, yazılı KİV-lərə KİVDF-dən müntəzəm yardım ayrılır. Belə bir yardım niyə yazılı mətbuatdan daha önə keçmiş, daha çevik, daha aktual olan elektron mediaya da ayrılmasın?”.
964 dəfə oxundu