Əli İnsanov, Leyla Yunus əfv oluna bilər

Əli İnsanov, Leyla Yunus əfv oluna bilər


“Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalanacaq”. Bu haqda Modern.az saytına İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. O qeyd edib ki, artıq Prezident yanında Əfv Məsələləri Komissiyası toplaşıb: “Komissiya intensiv fəaliyyətə başlayıb. Bizim də təqdim etdiyimiz siyahı üzrə müzakirələr aparılır”.

Səidə Qocamanlı məhkəməsi getməsinə baxmayaraq, jurnalist Rauf Mirqədirovun da azadlığa çıxmasının gözlənildiyini deyib: “Təbii ki, bu birbaşa prezident İlham Əliyevin səlahiyyətindədir. Düşünürəm ki, Rauf Mirqədirovun işində baş verənlər, onun suçsuz olması nəzərə alınaraq əfv edilə bilər. Hüquq müdafiəçisi Leyla Yunusa gəldikdə, xəstəliyinin nəzərə alınacağına ümid edirik. Ən azından baş tutacaq apelyasiya məhkəməsində xəstəliyi ilə bağlı istisnalı qərar çıxarıla bilər. Ya azadlığa çıxar, ya da ev dustaqlığı ilə əvəz edilə bilər”.

Hüquq müdafiəçisi deyib ki, sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasına cəmi 1 il qalıb: “Güman edirəm ki, bu da nəzərə alınacaq. Çünki biz işçi qrupu olaraq bunları gündəmə gətirmişik. Amma bir daha deyirəm, son söz ölkə başçısınındır. Güman edirik ki, dövlət başçısı İlham Əliyevin və Avropa Şurası baş katibinin səyləri nəticəsində işini bərpa etmiş işçi qrupunun ortaya gətirdiyi məsələlər nəzərə alınacaq”.

İşçi Qrupunun üzvü “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovla bağlı hər hansı müzakirə aparmadıqlarını bildirib. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun digər üzvü Novella Cəfəroğlu da böyük əfv sərəncamının imzalanacağını qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...