"Belələrinə bu gün Avropada küçə təmizləmək təklif olunur" - Siyavuş Novruzov
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi və bununla əlaqədar “Polis haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanun layihələrinə, habelə İnzibati-Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunub.
Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda kimlərsə hansısa dövlətin modelini tətbiq etmək istəyir: “Belə insanlar məsuliyyətə cəlb edilməlidir”. S. Novruzov qeyd edib ki, indiyə qədər dini ekstremizmlə mübarizə ilə bağlı qanunlara müəyyən dəyişikliklər edilib, ancaq bu sahədə ayrıca qanunun qəbuluna ehtiyac var: “Çünki söhbət xarici ölkələrdən ideologiya ixracından gedir. Bununla mübarizə daha kəskin olmalıdır. Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyət qurub, öz ənənələri var. Hərə özündən bir qayda-qanun tətbiq edə bilməz”.
S. Novruzov çıxışında Azərbaycandan siyasi mühacir adı altında Avropaya gedənlər haqda da danışıb: “Belələrinə bu gün Avropada küçə təmizləmək təklif olunur və bir çoxları da bu işi görür. Ancaq onlar Azərbaycanda qəzet redaktoru və digər vəzifələrdə çalışıblar. Elələrinə Avropada o cür münasibət göstərilməsi yaxşıdır”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihələri barədə məlumat verib. Onun sözlərinə görə, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsində qeyd olunub ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir: “Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır. Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsinin qanuniliyinə nəzarəti baş prokuror və ona tabe olan prokurorlar həyata keçirir”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov təklif edib ki, dini ekstremist fəaliyyətindən könüllü imtina qanunda əksini tapsın: “Əgər bu şəxsin başqa cinayətləri yoxdursa, o məsuliyyətdən azad edilə bilər”. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
953 dəfə oxundu