YAP-dan Rəsulzadə ilə bağlı: "Gənc deputatımız bu fikirləri işlətməyib"
YAP Gəncə təşkilatının sədri, parlamentə Gəncədən deputat seçilən Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə haqqında səsləndirdiyi xoşagəlməz fikirlər ətrafında yaranan ajiotaj sosial şəbəkələrdə daha geniş müzakirə olunmağa başlayıb. Böyük çoxluq bu açıqlamanı YAP-ın mövqeyi kimi qiymətləndirib.
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az saytına Naqif Həmzəyevin bu fikirləri səsləndirmədiyini deyib: “Mən onun açıqlamasını oxudum və Naqif Həmzəyevə inanıram. Gənc deputatımız özünün də dediyi kimi bu fikirləri işlətməyib və onun fikirləri təhrif olunub, tamam başqa fikirlər verilib”.
A.Mirzəzadə deyib ki, Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir:
“O, özünü siyasi fəaliyyətdə, partiya işində həmişə müsbət tərəfdən göstərib, yetkin fikirlərilə yaşadığı Gəncə şəhərində nüfuz qazanıb. Çox təəssüf edirəm ki, ilk gündən bizim YAP-dan olan gənc üzvümüz haqqında bilərəkdən yaxud da bilməyərəkdən ajiotaj yaradıblar”.
A.Mirzəzadə bildirib ki, Naqif Həmzəyev demədiyi fikirlərə görə məsuliyyət daşımır: “Yeni Azərbaycan Partiyasının üzvləri həmişə tariximizə hörmətlə yanaşıb, tarixi şəxsiyyətlərin hörmətinin qorunmasının tərəfdarı olub. Bu məsələdə hər zaman digərlərinə nümunə göstəriblər. Mən hesab edirəm ki, bu, sadəcə sensasiya xatirinə yaranmış insident idi və ona da cavab verildi”.
1109 dəfə oxundu