“Nardaran hadisəsində xarici qüvvələrin rolu var” Siyavuş Novruzov

“Nardaran hadisəsində xarici qüvvələrin rolu var”


“Nardaran hadisəsində xarici qüvvələrin rolu var”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.


S. Novruzov bildirib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin verdiyi məlumatlardan da görünür ki, bir qrup insan Azərbaycanda dövlət quruluşunu dəyişmək, dini dövlət qurmaq, dövlət nümayəndələrinə qarşı terror aktlarını törətmək üçün istər Bakı, istərsə də regionlarda xüsusi dəstələrinin yaradılması ilə məşğul olub: “Bu əməl ayrı-ayrı dövlətlərin sifarişlərini yerinə yetirmək məqsədi daşıyırdı. Bu məsələ hüquq-mühafizə orqanlarına bəlli olduqdan sonra o insanlar dəfələrlə izahat vermək üçün dəvət olunmalarına baxmayaraq, gəlməyiblər. Hüquq-mühafizə orqanları əməliyyat keçirərkən polisə silahlı müqavimət və tabesizlik göstərilib. Nəticədə iki polisimiz qəhrəmancasına şəhid olub”.

S. Novruzovun sözlərinə görə, bütün ölçülər götürülməlidir ki, bu cür qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınsın: “Çünki Azərbaycanda bugünkü ictimai-siyasi sabitliyin yaranması üçün böyük əziyyət çəkilib. Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra bir neçə il Azərbaycanda qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi və ictimai-siyasi sabitliyin yaranıb, möhkəmlənməsi üçün böyük işlər görüb, addımlar atıb. Bu gün prezident İlham Əliyev tərəfindən də bu yol davam etdirilir. Ona görə də kim Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ayrı-ayrı dövlətlərin təhriki ilə Azərbaycan dövlətinə, dövlət quruluşuna və xalqına qarşı addımlar atmaq istəyəcəksə, onların qarşısı qətiyyətlə alınacaq”.

S. Novruzov qeyd edib ki, Nardaran hadisəsində dinlə bağlı heç bir məsələ yoxdur, din pərdəsi altında törədilən əməllər var: “Azərbaycanda dövlət tərəfindən dini sahəyə diqqət və qayğının şahidi olmuşuq. Azərbaycanda bir dənə də məscid təmirsiz qalmayıb, ən yüksək səviyyədə təmir olunaraq insanların istifadəsinə verilib. Buna misal olaraq Qafqazda ən qədim məscid olan Şamaxı məscidini, Gəncədə İmamzadə kompleksini göstərmək olar. Qafqazda və dünyada ən böyük məscidlərdən biri olan Heydər Əliyev məscidi tikilib, insanların istifadəsinə verilib. Hər bir kəs dini ayinləri azad şəkildə yerinə yetirə bilər. Biz hansısa dövləti təkrar edə bilmərik, öz adət-ənənələrimiz, dinə öz baxışımız var. İslam Azərbaycanda olduğu qədər heç bir yerdə yoxdur və ən düzgün forması da Azərbaycandadır. Hansısa xarici kəşfiyyat orqanları Azərbaycanda nə isə etmək, nələri isə qarışdırmağa cəhd etmək istəyəcəklərsə, bunların qarşısı alınacaq”.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata əsasən dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan “Müsəlman birliyi” adlı hərəkatın üzvlərinin tutulması üçün noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Öz xidməti vəzifələrini yerinə yetirən 2 polis əməkdaşı həlak olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1023 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...