"Müsavat-AXC cütlüyü həmkarlar ittifaqlarını ləğv etmək istəyirdi" Səttar Mehbalıyev
Müsavat-AXC cütlüyünün hakimiyyəti dövründə həmkarlar ittifaqlarını ləğv etmək istəyirdilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev jurnalistlərə deyib.
S.Mehbalıyev qeyd edib ki, əgər o zaman Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yaradılmasaydı, həmkarlar təşkilatlarının fəaliyyəti dayana bilərdi: “Konfederasiya yaradılandan sonra bizə qarşı çox hücumlar oldu. Konfederasiyanın əmlakına da göz dikmişdilər. O dövrdə ölkə prezidenti olan Əbülfəz Elçibəy bizim binamızın Xarici İşlər Nazirliyiniə, kurort-turizm idarələrinin Səhiyyə Nazirliyinə verilməsi haqqında sərəncamlar imzaladı. Ancaq o sərəncamlar kağız üzərində qaldı. Biz o sərəncamların həyata keçməsinə imkan vermədik. Ondan sonra maliyyə nazirinin imzası ilə yerlərə məktub getmişdi ki, üzvlük haqqı yığılmasın. Yəni, maliyyə resursları ləğv ediləndən sonra həmkarlar ittifaqları öz-özünə dağılacaqdı, ancaq buna da nail ola bilmədilər və həmkarlar ittifaqları bu günki səviyyəyə gəlib çatıb”.
Qeyd edək ki, bu gün Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 110 illik yubleyi qeyd edilir.
962 dəfə oxundu