Gülər Əhmədova BDU-dan çıxarıldı

Gülər Əhmədova BDU-dan çıxarıldı


Keçmiş deputat, psixologiya elmləri üzrə fəlsəfə doktoru Gülər Əhmədova Bakı Dövlət Universitetinin (BDU) müəllimi vəzifəsindən azad olunub.

"Report" xəbər verir ki, G.Əhmədovanın dərs dediyi BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2015-2016-cı tədris ilində ona dərs saatı verilməyib. Ona görə də keçmiş deputat işdən çıxmaqla bağlı ərizə yazıb. BDU rəhbərliyi G.Əhmədovanın ərizəsini qəbul edib və onun universitetin müəllimi vəzifəsindən azad olunmasına qərar verilib. Artıq G.Əhmədovanın adı BDU-nun müəllimləri siyahısından da çıxarılıb.

Gülər Əhmədova 1965-ci il avqustun 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib. 1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olub. 2000, 2005 və 2010-cu illərdə parlamentin deputatı olub.

2012-ci il sentyabrın 25-də Gülər Əhmədovanın Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən video yayılıb. Videoda deputatla rektor və vasitəçi kimi təqdim olunan, Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayeva arasında Elşad Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Bakı Şəhər Prokurorluğu bu video işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldıran kimi Gülər Əhmədova Milli Məclis sədrinin adına ərizə yazaraq mandatından imtina edib, Mərkəzi Seçki Komissiyası onun deputatlığına xitam verib.

Elşad Abdullayev 2012-ci il dekabrın 13-də daha bir video yayıb. Videoda Elşad Abdullayevin Sevinc Babayeva ilə söhbəti yer alır. Qadın Gülər Əhmədovanın adından Elşad Abdullayevi əmin etməyə çalışır ki, verdiyi rüşvətin əvəzində deputat mandatı alacaq və bu, tezliklə elan ediləcək, seçkinin nəticələrinə dair bütün protokollar da artıq Elşad Abdullayevin xeyirinə dəyişdirilib (Söhbət 2005-ci ildə keçirilən parlament seçkisindən gedir. Elşad Abdullayev həmin seçkidə 8 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizəd olub). Bu videonun ardınca Gülər Əhmədova hakim Yeni Azərbaycan Partiyasından çıxarılıb.

178.3.2-ci maddə ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva 2012-ci il dekabrın 26-da Türkiyədə vəfat edib. 2013-cü il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. 2014-cü ilin mayın 5-də o, Bakı Apellyasiya Məhkəməsinin zalından azadlığa buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...