Əli Kərimli ilə Nurullayev söz davasına ÇIXDI

Əli Kərimli ilə Nurullayev söz davasına


Ədliyyə Nazirliyi Azərbayan Xalq Cəbhəsi Partiyasının (AXCP) son qurultayının nəticələrini geri qaytarıb. Modern.az saytının məlumatına görə, bu barədə AXCP sədri Əli Kərimli məlumat verib. Əli Kərimli deyib ki, Ədliyyə Nazirliyi həmçinin onun AXCP sədri seçilməyini də qeydə almaq istəmir. AXCP rəhbəri keçmiş müavini Razi Nurullayevin hakimiyyətə satıldığını da bəyan edib:

“Hökumətə satıldıqlarına görə AXCP-dən qovulmuş 5-6 nəfərin və onların ətrafına pul ilə topladıqları adamların müraciətini bəhanə edərək AXCP-nin son qurultayının nəticələrini, o cümlədən mənim yenidən AXCP sədri seçilməyimi qeydə almaq istəmirlər. Ədliyyə Nazirliyi təqdim etdiyimiz qurultay sənədlərini geri qaytarıb. Bəhanə ediblər ki, Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP “Etimad qurultayı” adı ilə sənəd təqdim edib. Ədliyyə Nazirliyi də “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” təqdim etdiyimiz sənədləri geri qaytarıb.Təklif edib ki, “mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edək”.

Əli Kərimlinin fikrincə, Ədliyyə Nazirliyinin bu qərarının heç bir hüquqi əsası yoxdur. “Qurultaya qədər AXCP-nin bütün strukturları tam legitim qaydada fəaliyyət göstərib. Partiyanın Ali Məclisi, Ali Məclisin Rəyasət Heyəti, NTK-sı, rayon, şəhər təşkilatları tam tərkibdə fəaliyyət göstərib. Qurultay nizamnaməyə tam uyğun keçirilib. Razi Nurullayevi bəhanə edərək, hökumətin təşkil etdiyi “AXCP Etimad Qurulatayı” adlı şouda nəinki partiyanın strukturlarını təmsil edən, hətta partiyanın real üzvü olan bircə nəfər də iştirak etməyib. Qurultayın nəticələrini bircə nəfər də olsa, AXCP üzvü şübhə altına almayıb. Hökumətin Razi Nurullayevdən partiyamıza qarşı istifadə edəcəyini əvvəlcədən bilirdik. Amma biz çox tədbirli davrandıq, cəbhəçilər yüksək yetkinlik nümayiş etdirdilər. Çox böyük pullar xərclənsə də, partiyada hər hansı parçalanma yarada bilmədilər.

Mənim tərəfimdən partiyadakı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra (Razi Nurullayev-red) bütün ölkə ictimaiyyəti qarşısında, mətbuat konfransında AXCP üzvlüyündən istefa verdiyini bildirmiş bir şəxsin “partiyanın sədri mənəm” deməsini bəhanə edirlər, qurultayın nəticələrini tanımaqdan imtina edirlər”.

Əli Kərimli onu da qeyd edib ki, Azərbaycanda məsələ hüquqi şəkildə həll edilməsə, Avropa Məhkəməsinə müraciət edəcəklər.
Razi Nurullayev də münasibət açıqlayıb. O, qeyd edib ki, Əli Kərimlinin qurultay sənədləri Ədliyyə Nazirliyi tərəfindən haqlı olaraq geri qaytarılıb. “Biz bu çəkişməni udmaq niyyətimizi öncə də demişdik. Haqlı olduğumuzu bilirdik. Açıqlamamız olacaq. Əsl AXCP-ni biz təmsil edirik”.

Məlumat üçün bildirək ki, Əli Kərimli Razi Nurullayevi müavini vəzifəsindən uzaqlaşdırdıqdan sonra Razi Nurullayev sərt açıqlamalar verib. O, Əli Kərimlini partiya daxilində avtoritarlıq yaratmaqda, demokratiyanı boğmaqda ittiham edib. Daha sonra isə Razi Nurullayev Əli Kərimlidən narazı bir qrup şəxsin iştirakı ilə AXCP yaratdığını elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...