"Müsavatın siyahısından namizəd olmağım ziyanıma işlədi" - İltizam Əkbərli

"Müsavatın siyahısından namizəd olmağım ziyanıma işlədi" -


Xəbər verdiyimiz kimi, dünən Müsavat Partiyasının Divan iclası keçirilib. Tədbirdə partiyanın seçkidən iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin məsələsinə baxılıb. Təşkilatdan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub. Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilib.

Hafta.az-a açıqlama verən İltizam Əkbərli partiyanın qərarına hörmət etdiyini dedi:

“Partiyanın barəmdə verdiyi qərara hörmətlə yanaşıram. Amma öz mövqeyimi bu gün də haqlı hesab edirəm. Çünki mən kampaniya dövründə seçicilərimlə bir-bir görüşərək, onlara seçkidə iştirak edəcəyimi, mənə etimad göstəriləcəyi halda problemlərinin həll olunması üçün əlimdən gələn hər şeyi edəcəyimi demişdim”. Müsavat funksionerinin sözlərinə görə, partiyadan namizəd olması onun ziyanına işləyən amil olub: Partiyanın siyahısından seçkidə iştirakımın mənə ziyanı oldu. Müsavat xətti ilə 60-dan artıq namizədimiz qeydə alınsaydı, komissiyalara da məşvərətçi ilə təmsil olunmaq hüququmuz olardı. Amma partiyanın 60-dan çox namizədi qeydə alınmadığına görə, mən və digər partiyadaşlarım bu hüquqdan məhrum olduq.

Namizədliyim sərbəst şəkildə qeydə alınsaydı, komissiyalarda məşvərətçi ilə təmsil olunmaq hüququm olardı. Mən yalnız 43 məntəqədə öz müşahidəçilərimi yerləşdirə bildim. Onlar da yalnız seçkini izləmək hüququna malik idilər. Partiyanın xətti ilə namizəd olmağım seçkilərin nəticələrinə mənfi təsir etdi. Saat 15:00-a qədər seçkilər normal davam edirdi. Lakin daha sonra bəzi məntəqələrdə qanun pozuntuları ilə bağlı mənə müraciətlər daxil olmağa başladı”.


İltizam Əkbərli partiyadakı gələcək perspektivi barədə hələ ki, qərar vermədiyini bildirdi: "Partiyanın qərarı haqda yeni məlumat almışam və qeyd etmişəm ki, buna hörmətlə yanaşıram. Hazırda başım seçkilərlə bağlı məsələyə qarışıb. Şikayətlərimlə əlaqədar olaraq məni Mərkəzi Seçki Komissiyasına (MSK) dəvət ediblər. Tədbirdə məsələm müzakirə olunacaq. MSK-dakı müzakirələrdən sonra partiyadakı gələcək fəaliyyətim haqda qərar verəcəyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
992 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...