“Səsvermədən sonra indiyə qədər MSK-ya 16 şikayət daxil olub” - Məzahir Pənahov
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 107 saylı Qazax Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Zaur Hacıyevin şikayətinə baxılıb.
APA-nın məlumatına görə, MSK üzvü Tofiq Həsənov bildirib ki, Z. Hacıyevin şikayətində bir neçə seçki məntəqəsində pozuntuya yol verildiyini yazsa da, konkret seçki məntəqələrini göstərməyib. Aparılan araşdırma zamanı Z. Hacıyevlə telefonla əlaqə yaradılıb və hansı seçki məntəqələrində pozuntuya yol verildiyini iddia etdiyi dəqiqləşdirilib. Z. Həsənov MSK-dan ümumiyyətlə, 107 saylı Qazax Seçki Dairəsi barədə araşdırma aparılmasını və seçkinin nəticələrinin ləğv olunmasını istəyib.
MSK sədri Məzahir Pənahov bildirib ki, şikayət ümumən DSK ilə bağlı olduğu üçün MSK məsələyə baxa bilər: “Ancaq yazılı şikayətdə konkret hansı iddialar varsa, o araşdırılmalıdır. Əslində telefonla verilən şifahi məlumatların araşdırılması düzgün deyil, çünki şəxs telefonla şifahi şəkildə dilə gətirdiyi iddiadan imtina da edə bilər”. MSK şikayətə baxıb və şikayətin əsassız olduğu barədə qərar qəbul edilib.
İclasın sonunda MSK sədri onu da qeyd edib ki, səsvermədən sonra indiyə qədər MSK-ya 16 şikayət daxil olub.
980 dəfə oxundu